Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin pozitiv xəbərlərindən biri ötən həftə açıqlanan "Sabahın ulduzları" layihəsinin yenidən bərpası ilə bağlı oldu. Ölkə futbolunda ən uğurlu layihələrdən biri olan, bu il 20 yaşını qeyd edəcək yarış mart ayının əvvəlində start götürəcək. Bakı Kuboku uğrunda turnir U-13 və U-14 yaş qrupları üzrə keçiriləcək və mart ayının 4-5-də ilk turun oyunları baş tutacaq. Bakı Futbol Federasiyası mətbuata ünvanlanan press-relizdə “Sabahın Ulduzları” layihəsi çərçivəsində yarışların bərpasının həm də AFFA-nın qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olduğunu, assosiasiya ilə birgə qərarla ərsəyə gələcəyini vurğuladı.
Alqışlanmalıdır... Çünki "Sabahın ulduzları" yaddaşlarda milli komandaların və klublarımızın beynəlxalq oyunlarda uğursuz çıxış etdiyi, böyük hesablarla uduzduğu və problemin kökündə uşaq futbolunun dayandığını hər kəsin bildiyi dövrdə araya-ərsəyə gəlmişdi. Bir sözlə, "Sabahın Ulduzları" uşaq futbolunda təməlli və tam kompleks yanaşmanın ilk addımları idi. Ədalət naminə qeyd etməliyik ki, hər kəsin uğur üçün kosmetik tədbirlərə əl atdığı vaxtda təşkilatçıların bünövrəni düşünməsi uzaqgörən addım idi. Müsbət imiclə yadda qalması, bu gün də xatırlanması təsadüfi deyil.
"Sabahın ulduzları" seleksiya rolunu da oynayırdı. İstedadlı uşaqların üzə çıxması üçün meydan idi bu layihə. Hazırda Bakı Futbol Federasiyasının prezidenti postunu tutan Tahir Süleymanovun ideyası olan, qardaşları - mərhum Məzahir Süleymanzadə və Mahir Süleymanovun təşkilatçılıq və yorulmaz əməyi sayəsində müvafiq yaş qrupları üzrə Azərbaycan çempionatından çox, məhz "Sabahın ulduzları"na önəm verilir, prinsipial sayılırdı. Azyaşlılar sanki beynəlxalq turnirə qatılırmış kimi həvəslə çıxış edirdilər.
Bu gün hansı kluba baxsan həmin layihədən bəhrələnmiş futbolçuya rast gəlmək mümkündür. Emil Balayev, Mahir Emreli, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Namiq Ələsgərov, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Elşən Abdullayev və onlarla digərlərinin adını çəkə bilərik.
Yeri gəlmişkən, 2006-cı ilin yaz-yay aylarında təşkil olunan Bakı birinciliyi 1995-96-cı il təvəllüdlü uşaqlar arasında keçirilmişdi. Hansı ki, həmin uşaqların bir çoxu bu gün karyeralarının ən yetkin dövrünü yaşayırlar. Sonrakı illərdə turnir Musa Qurbanlı, Rza Cəfərov, Ağadadaş Salyanski, Murad Məmmədov və digər futbolçuların yetişməsində öz töhfəsini verib.
Üstəlik, başda FİFA referisi Əliyar Ağayev olmaqla, bir çox hakim də ilk addımlarını "Sabahın ulduzları"nda atıb, tədricən püxtələşib...
Nəzərə alsaq ki, həmin dövrdə Bakı Futbol Federasiyasının təşkil etdiyi turnir yetərli qədər təbliğ olunmurdu. Düzdür, qurum həmin dövrdə ölkədə yeganə idman kanalı, o cümlədən barmaqla sayılacaq qədər olan çap mediası ilə əməkdaşlıq edir, yarışlara həsr edilən "Top" jurnalı işıq üzü görürdü. Ancaq nəzərə alsaq ki, bugünkü imkanlar daha genişdir və onlayn medianın, həmçinin, telekanalların geniş publikaya çıxışı var, "Sabahın ulduzları"nı bol audutoriya ilə təmin etmək, futbolun təbliğinə şərait yaratmaq, beləliklə, yeni-yeni istedadların üzə çıxmasına rəvac vermək mümkündür, hətta vacibdir. Uşaq futbolunda vacib təməl prinsiplərindən biri də məhz valideynləri, azarkeşləri, bütün futbol ictimaiyyətini prosesə cəlb etməkdir.
"Sabahın ulduzları" böyük layihədir. Hazırkı münasib şərait (AFFA-nın dəstəyi, medianın əməkdaşlığı sayəsində) layihənin əhatəli həyata keçirilməsi real görünür. Bundan qazanan Azərbaycan futbolu olacaq. Çünki yeni meydan sayəsində yeni-yeni istedadlar üzə çıxacaq, formalaşacaq, millinin keyfiyyətli futbolçularla təmin olunması və nəticələrin yaxşılaşmasına şərait yaranacaq. 15-20 il əvvəl şəxsi nüfuzu sayəsində layihəni icra edən, bir çox süni əngəllərlə qarşılaşan təşkilatçılara bu dəfə dəstək olmaq lazımdır. Bunun üçün hər kəs əlini daşın altına qoymalıdır. Çünki "Sabahın ulduzları" dünənin reallığı və bu günün tələbidir.
Fanat.Az