Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi Rauf Hacıyevin babası sabiq deputat Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə akademiklər, millət vəkilləri, ədəbiyyat, ictimaiyyət nümayəndələri, Ə.Hacıyevin yaxınları və digər rəsmi şəxslər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən millət vəkilləri Əziz Ələkbərli, Musa Urud, Fazil Mustafa, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Quliyev və digər şəxslər kitabın əhəmiyyətindən söz açıblar.
Onlar Ə.Hacıyevin səmərəli iş fəaliyyətindən, gənclərin, yeni nəslin formalaşmasında oynadığı müstəsna roldan danışıblar.
Çıxışçılar bildiriblər ki, R.Hacıyevin ərsəyə gətirdiyi bu memuar tarixi həqiqətləri özündə əks etdirməklə yanaşı, gələcək nəsillər üçün də stolüstü kitaba çevriləcək.
Müəllif Rauf Hacıyev kitabın ön sözündə yazıb ki, nəslindəki yaxşı adamları tanımaq, sevmək, onunla qürur duymaq, onun yolunu davam etdirmək insana şərəf və məsuliyyət gətirən hissdir: “Zəngəzur mahalının tanınmış vətənpərvər, görkəmli elm xadimi, mehriban, qayğıkeş, xeyirxah, insanlara əl tutub yol göstərən, ziyalı-maarifçi, hamının hörmətini qazanan, nurani el ağsaqqalı Əbdülmənaf Hacıyev haqqında tarixi faktlara, xatirələrə söykənərək bu kiçik kitabı yazmaqda məqsəd onun keşməkeşli həyat yoluna baxıb, gənc nəslə vətəni torpağı sevərək heç vaxt unutmamağı, imkansızlara köməklik edib əl tutmağı, həmişə vətənpərvər olmağı örnək göstərməkdir.
Ziyalı maarifçi, əməkdar müəllim, böyük dünya görüşünə malik, müxtəlif vəzifələrdə işləyən, hamıya əl tutub, dayaq olub yol göstərən, nurani bir el ağsaqqalı olan insan haqqında tarixi, əlyazmaları və yadda qalan hadisələrdən ibarət bir balaca kitab yazmağa qərar verdim.