Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Asiya İnfrastruktur İnvestisiya Bankı ölkəmizdə “yaşıl iqtisadiyyat”a dəstək verəcək
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dohada keçirilən 11-ci İllik Toplantısında Azərbaycanın AİİB-in “Gələcəyin infrastrukturu” missiyasına töhfə verəcək nəqliyyat, enerji və rəqəmsal bağlantı imkanlarına malik olduğu vurğulanıb. Tədbir çərçivəsində keçirilən müdirlərin dəyirmi masasında AİİB ilə üzv ölkələr arasında gələcək əməkdaşlığın prioritetləri, bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələri, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişafı məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov toplantı çərçivəsində “Sərhədlərdən kənara: regionları birləşdirmək, dayanıqlılığı gücləndirmək” mövzusunda seminarda məruzə ilə çıxış edərək Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidi və işğaldan azad edilmiş ərazilərdə bu konsepsiyanın tətbiqi, dəmir yolu infrastrukturu, eləcə də digər nəqliyyat-tranzit və logistika layihələri çərçivəsində əməkdaşlıq potensialı barədə məlumat verib. Azərbaycanda həyata keçirilən mühüm layihələrdə AİİB-in roluna toxunaraq 2016-cı ildən davam edən əməkdaşlıq çərçivəsində dövlət və özəl sektora yönəldilən kapitalın iqtisadi inkişafa töhfə verdiyi bildirilib. Hazırda əməkdaşlıq çərçivəsində infrastrukturun inkişafı, dayanıqlı inkişafın təmin olunması, “yaşıl iqtisadiyyat”a keçidə və “yaşıl enerji”yə bankın dəstəyi yüksək dəyərləndirilib.
Tərəfdaşlığın müasir mərhələsi - Birgə bəyannamə...
Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor olan AIIB-in kapital portfelinin əsaslı hissəsi Çinin maliyyəsi ilə formalaşır. 2016-cı ildən fəaliyyətə başlamış və Pekində yerləşən AIIB-in hazırda 110 sərmayədarı və 100 milyard dollar məbləğində nizamnamə kapitalı mövcuddur. Bankın əsas məramı etibarlı investisiyalar üçün uzunmüddətli maliyyələşdirmənin təqdim edilməsi, eləcə də əsasən Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin olunmasıdır.
AIIB indiyə kimi Azərbaycanda dövlət zəmanəti ilə 2 layihəyə kreditlər yönəldib və hər iki layihənin icrası tamamlanıb. Bank ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı olmaqda qərarlıdır. AİİB-in prezidenti Zou Jiayi bildirib ki, Azərbaycan bankın təsisçilərindən biri kimi sadiq və dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir.
Bir neçə ay əvvəl Azərbaycan hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında tərəfdaşlığın genişləndirilməsi haqqında imzalanmış Birgə bəyannamə “yaşıl enerji”, infrastruktur, nəqliyyat, o cümlədən Orta Dəhlizin nəqliyyat qovşaqlarının modernləşdirilməsi, metro tikintisi, su təchizatı, kommunikasiya quruculuğu və digər sahələrdə dayanıqlı donor təchizatını nəzərdə tutur.
AIIB Orta Dəhlizin Azərbaycana aid hissəsini modernləşdirəcək
Birgə bəyannamədə əks olunan bəndlər Azərbaycanın yeni inkişaf strategiyası olan “2030-cu ilədək sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi və beynəlxalq inkişaf konseptinin hədəflərinə əsaslanır. Əsas sərmayə anlaşması Milli Prioritetlərdə qeyd edilən “Sabahın İnfrastrukturu” hədəf çərçivəsinin maliyyələşdirilməsidir. Həmin prioritetə əsasən, AIIB tərəfindən layihələrin suveren şəkildə maliyyələşdirilməsini nəzərdə tutan çoxillik investisiya proqramı formalaşdırılacaq. Proqram üç əsas istiqamətə fokuslanacaq. Birinci istiqamət “yaşıl enerji” quruculuğu və dekarbonizasiyaya töhfə verən milli iqlim hədəflərinin dəstəklənməsidir.
İkinci hədəf xətti Azərbaycanın mühüm beynəlxalq ticarət və logistika dəhlizinin əsas qovşaqlarından biri kimi rolunun gücləndirilməsi, yeni nəsil nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişaf etdirilməsidir. Bura, regional nəqliyyat infrastrukturlarının, ələlxüsus da Orta Dəhlzinin Azərbaycana aid hissəsinin və dəmir yolu infrastrukturunun modernləşdirilməsi və yeni yolların çəkilməsi, Bakı metrosunun yeni xətlərinin yaradılması, paytaxtın şəhər və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun və içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrə dəstək verilməsidir. Bank bu sahədə də davamlı maliyyə təchizatçısı kimi tələb olunan sərmayələri ayıracaq.
Birgə bəyannamədən irəli gələn maliyyələşdirmə proqramının üçüncü hədəf xətti isə Azərbaycanda innovativ maliyyə modellərinin yaradılması və dövlət-özəl tərəfdaşlıq üçün əlverişli mühitin qurulması hesabına özəl investisiyaların stimullaşdırılmasıdır.
Bankın 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək
AİİB-in Müdirlər Şurasının rəsmi sessiyasında Bankın 12-ci İllik Toplantısının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu nüfuzlu tədbirə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa və AİİB-yə üzv ölkələri birləşdirən ortaq məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Bu, AİİB-in təsisçi üzvlərindən biri olan Azərbaycanın bankla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin sırasını daha da genişləndirəcək, ölkəmizdə infrastrukturun inkişafına və regional bağlantıların genişləndirilməsinə xidmət edəcək. Gələn il 14-15 iyul tarixlərində keçiriləcək İllik Toplantı Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Xəzəryanı regionun infrastruktur və bağlantı məsələləri üzrə fikir mübadiləsinin genişləndirilməsi üçün mühüm imkan yaradacaq.
E.CƏFƏRLİ