Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir. Futbolumuzun daim qanayan yaralarından biri də maliyyə problemidi.
Bu çatışmazlıqlara bütün çempionatlarda rast gəlmək mümkündü ki, 2-ci liqa öndə gəlir.
Bəllidi ki, AFFA-nın ayırdığı vəsait yetərli deyil və klublar daha çoxunu əldə etmək istəyirsə, əlavə maddi dayaqlar tapmalıdı.
Düzdü, onların bu yöndə işini asanlaşdırmaq məqsədilə Futbolun İnkişaf Fondu (FİF) da yaradılıb.
Lakin bəzən bütün yollar tıxanır, hətta klub maliyyə sıxıntıları üzündən fəaliyyətini dayandırmaq təhlükəsiylə üzləşir.
Futbol tariximizdə belə halla üzləşən və acınacaqlı aqibətlə razılaşmağa məcbur olan xeyli klub var.
Və qarşıdakı aylarda belə bəxtsizliyə düçar olanların sayı arta bilər...Söhbət 2-ci liqada mübarizə aparan “Lerik”dən gedir.
Xatırlayırsızsa, cənublular yolpulu tapa bilmədiyindən 7-ci turda “Şəfa”nın meydanında keçirilməli olan matça yollana bilməmiş, bu üzdən texniki məğlubiyyətlə üzləşdiyi azmış kimi, AFFA İntizam Komitəsi tərəfindən 300 manat cərimələnmişdi.