Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2 fevral 2026-cı il tarixdə YAP Samux rayon təşkilatında “2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov bütün gəncləri “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan gəncliyi dövlət və cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir və ölkəmizin inkişafında mühüm rol oynayır.
Sədr qeyd edib ki, gənclər cəmiyyətin ən dinamik və yaradıcı təbəqəsi olmaqla yanaşı, dövlətimizin gələcəyinin etibarlı təminatıdır. Azərbaycan gəncliyi elm, təhsil, idman, mədəniyyət, ictimai-siyasi fəaliyyət sahələrində qazandığı uğurlarla ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Gündüz Bayramov həmçinin vurğulayıb ki, Ümumilli lider Heydər Əliyev “Gənclər günü”nü Azərbaycan tarixinə yazmaqla həmişəlik gənclərin ölkə həyatında vacib rolunu, vətənimizin inkişafında gənc nəslin xüsusi yerini müəyyənləşdirib. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.
Daha sonra dəyirmi masada iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov və gənc partiya üzvləri Səmra Məsimzadə, Günel Eminalıyeva çıxış edərək vurğulayıblar ki, bu gün Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Natiqlər qeyd edib ki, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Tədbir zamanı Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xüsusi vurğulanıb. Bildirilib ki, gənclərimizin döyüş meydanında və arxa cəbhədə nümayiş etdirdiyi birlik, iradə və vətənpərvərlik xalqımızın tarixinə qızıl hərflərlə yazılıb və bu, dövlət və cəmiyyət birliyinin bariz nümunəsidir.
Sonda qeyd olunub ki, YAP Samux rayon təşkilatı gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, onların potensialının reallaşdırılması istiqamətində bundan sonra da ardıcıl tədbirlər həyata keçirəcək.