Icma.az bildirir, Lent az portalına istinadən.
Bakı Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun, Cavad Nərimanov və Elvin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib.
Təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanov ifadəsində Cavad Nərimanovdan pul almadığını bildirib:
"Mən on il Ekspertiza Mərkəzində çalışmışam. İstintaqda məni əvvəl şahid, bir həftə sonra təqsirləndirilən kimi dindirdilər. Özümü qismən təqsirli bilirəm. 2024-cü ilin iyununda Cavad adlı şəxs zəng edib tanışı A. M. - in işi ilə bağlı rəy lazım olduğunu və bunun üçün 25.000 veriləcəyini dedi. Rəyi verməzdən üç həftə qabaq biz Cavadla görüşdük və mənə 10.000 manat verilə biləcəyini bildirdi".
Digər təqsirləndirilən Elvin Ramazanov tanışı A.M.-in işi üçün ekspertiza rəyi üçün Cavad adlı şəxslə görüşdüyünü bildirib:
"Təxminən yay vaxtı olardı, mən Cavadla görüşüb A.M.-in işi üçün tanış ekspert lazım olduğunu dedim. Cavad belə bir adamı tanıdığını bildirdi. Bunun üçün 15.000 manat Cavada verdim. Vaxt uzanırdı, rəydən hələ bir xəbər yox idi, A.M. səbrsizlənirdi. Cavada zəng etdim, dedi ki, narahat olma, məsələ həll olunacaq. A.M.-dən 40.000 alıb Cavadın oğluna verdim. Lazım olan rəyi aldıq. Bir qədər vaxtdan sonra A.M. dedi ki, ona istədiyi kimi deyil, ümumi dövrü əhatə etməyən rəy verilib və bu onu qane etmir".
Məhkəmə digər təqsirləndirilənin dinlənilməsi üçün növbəti prosesin 25 fevral saat 16:30-a təyin olunduğun elan edib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.
Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş A. M.-in lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək, 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq A. M-nin 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.