Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aşıq Ələsgər irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu gün “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı ilə yanaşı, böyük söz ustadının yubileyi də qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində ucaldılan Aşıq Ələsgər abidəsini ziyarət edərək önünə əklil qoyub, daha sonra yubileylə bağlı tədbiri yeni ofisdə davam etdiriblər.
Tədbirdə çıxış edənlər – “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, birliyin İdarə Heyətinin üzvü, “Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği” Mərkəzinin sədri Abbas Bağırov, Azərbaycan alimi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Respublikasının əməkdar müəllimi və əməkdar elm xadimi İbadulla Ağayev Aşıq Ələsgər irsinin qorunub saxlanılmasının, tədqiqinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğuladılar.
Xətai Ələsgərli,
“Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri:
Bu gün biz “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı münasibətilə bir araya gəlmişik. Eyni zamanda, 30 sentyabr – Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı əlamətdar günü də qeyd edirik.
Abidənin ilkin açılışı 2024-cü ildə cənab Prezidentin iştirakı ilə baş tutub. İctimai təşkilat olaraq biz hər il bu əlamətdar günü qeyd edir, Aşıq Ələsgər irsinə ehtiramımızı bildiririk. Bu il isə həmin tarix “Dədə Ələsgər Ocağı”nın yeni ofisinin açılışı ilə üst-üstə düşdü. Bu münasibətlə, ilk növbədə, ölkə başçısına təşəkkürümü bildirmək istəyirəm. Mən abidənin açılışı zamanı cənab Prezidentdən təşkilatımız üçün məkan ayrılması ilə bağlı xahiş etmişdim.
Mən hesab edirəm ki, Dədə Ələsgər irsinin, xüsusilə gənc nəslin tərbiyəsində, onların dünyagörüşünün və şəxsiyyət kimi formalaşmasında çox böyük əhəmiyyəti var. Aşıq Ələsgər Dədə Qorquddan üzü bəri gələn “dədəlik” missiyasının daşıyıcısı olub. O, bu missiyanı sazı və sözü ilə həyata keçirib.
O dövrdə müxtəlif ideoloji və ictimai çətinliklərə baxmayaraq, haqq aşıqları öz sözünü deyirdilər. Aşıq Ələsgər də məhz haqqın, ədalətin, mənəviyyatın carçısı kimi çıxış edib. O, saz vasitəsilə el məclislərində insanlara doğru yolu, haqqı və ədaləti çatdırıb.
Bu gün Ələsgər irsi bütövlükdə Türk dünyası üçün böyük mənəvi və mədəni dəyər daşıyır. Artıq bunun real nümunələrini də görürük. Türk dövlətlərindən bizə dəvətlər gəlir. Məsələn, təxminən üç ay əvvəl Özbəkistanda keçirilən tədbirdə iştirak etdik. Hazırda isə bu il üçün Özbəkistandan daha iki yeni dəvət almışıq. Düşünürəm ki, bu marağın əsas səbəblərindən biri Dədə Ələsgər irsinə və onun poeziyasına olan sevgidir.
Qeyd edək ki, Aşıq Ələsgərin Bakıdakı abidəsinin ilkin açılışı 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin nümayəndələri hər il bu tarixi qeyd edərək böyük sənətkarın zəngin irsinin təbliği istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Ləman TƏHMƏZ
XQ