Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Siqaret çəkməyin sağlamlıq üçün yaratdığı riskləri qiymətləndirərkən yalnız gün ərzində çəkilən siqaretlərin sayını və ümumi siqaret çəkmə müddətini nəzərə almaq kifayət deyil. Alimlər güclü nikotin asılılığından xəbər verə bilən daha bir səhər vərdişinə diqqət yetiriblər. Söhbət insanın oyandıqdan nə qədər müddət sonra ilk siqaretini çəkməsindən gedir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici ingilis dilində “Time to First Cigarette” (TTFC), yəni oyandıqdan sonra ilk siqaretə qədər keçən müddət adlanır. Ondan nikotin asılılığının səviyyəsini qiymətləndirmək üçün istifadə edilir. Araşdırmanın nəticələrinə əsasən, bu göstərici ağciyər xərçənginin yaranma riski ilə də əlaqəli ola bilər.
Səhər çəkilən siqaret ağciyər xərçəngi riski ilə necə əlaqəlidir?
ABŞ Milli Xərçəng İnstitutunun mütəxəssisləri və onların həmkarlarının apardığı araşdırmada həyatının müəyyən dövründə siqaret çəkən 3249 nəfər iştirak edib. Onlardan 1812 nəfəri ağciyər xərçəngi xəstəsi olub. Nəticələr göstərib ki, insanın oyandıqdan nə qədər tez siqaret çəkməsi ilə ağciyər xərçəngi riski arasında ciddi fərq mövcuddur.
Xüsusilə oyandıqdan sonra ilk beş dəqiqə ərzində siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma ehtimalı ilk siqaretini bir saatdan çox gecikdirənlərlə müqayisədə 3,5 dəfə yüksək olub. Maraqlıdır ki, bu əlaqə siqaret çəkmə ilə bağlı digər amillər nəzərə alındıqdan sonra da qorunub.
Tədqiqatçılar siqaret çəkmə müddətini, intensivliyini və ümumi siqaret sayını da hesablamalara daxil ediblər. Lakin bu nəticələr o demək deyil ki, oyandıqdan sonra bir saat gözləmək sağlamlıq üçün riskləri aradan qaldırır. Siqaret çəkməyin təhlükəsiz forması mövcud deyil.
Alimlər ilk siqaretə qədər keçən müddəti, ilk növbədə, nikotin asılılığının səviyyəsini və xəstəlik riskinin mümkün artımını göstərən əlavə amil kimi qiymətləndirirlər.
Siqaret və ağciyər xərçəngi haqqında digər faktlar
Tütün istifadəsi ilə onkoloji xəstəliklərin yaranması arasındakı əlaqə digər elmi göstəricilərlə də təsdiqlənir. Xüsusilə siqaret çəkmək ağciyər xərçənginin inkişafında ən mühüm risk amillərindən biri olaraq qalır. Siqaret çəkən insanların ağciyər xərçənginə tutulma və bu xəstəlikdən həyatını itirmə riski heç vaxt siqaret çəkməyənlərlə müqayisədə 15-30 dəfə yüksəkdir.
Gündəlik çəkilən siqaretlərin sayı və siqaret çəkmə müddəti də mühüm əhəmiyyət daşıyır. Gün ərzində çəkilən siqaretlərin sayı və ümumi istifadə müddəti artdıqca xəstəliyin yaranma riski də yüksəlir. Bu riski qiymətləndirmək üçün “qutu-il” göstəricisindən istifadə olunur. Həmin göstərici siqaret çəkməyin intensivliyini və müddətini birlikdə nəzərə alır.
Tütün tüstüsünün təhlükəsi onun kimyəvi tərkibi ilə də bağlıdır. Siqaret tüstüsündə 7000-dən çox kimyəvi birləşmə mövcuddur. Onlardan ən azı 70-i kanserogen, yəni xərçəng yarada bilən maddələr hesab olunur. Bu maddələr hüceyrələrin DNT-sini zədələyə və şişlərin yaranmasına şərait yarada bilər.
Passiv siqaret çəkməyin təhlükəsini də unutmaq olmaz. Özləri siqaret çəkməsələr də, mütəmadi olaraq tütün tüstüsünə məruz qalan insanlar əlavə sağlamlıq riskləri ilə üzləşirlər. Təqdim edilən məlumatlara əsasən, passiv siqaret çəkmək ağciyər xərçənginin yaranma riskini təxminən 20-30 faiz artırır.
Orqanizmin qocalmasını sürətləndirən vərdişlər
Orqanizmin qocalması yalnız irsiyyət və yaşdan deyil, gündəlik vərdişlərdən də asılıdır. Xroniki yuxusuzluq, fiziki aktivliyin azlığı, balanslaşdırılmamış qidalanma və daimi stress dərinin vəziyyətinə, əzələ kütləsinə, ürəyin fəaliyyətinə və zehni funksiyalara mənfi təsir göstərə bilər.
Belə vərdişlərin mənfi nəticələri adətən tədricən toplanaraq müxtəlif xəstəliklərin yaranma riskini artırır. Buna görə də sağlam həyat tərzinə riayət etmək və zərərli vərdişlərdən uzaq durmaq mühüm əhəmiyyət daşıyır.