Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Zaqatala rayonu üzrə təhsil sektorunun yeni müdiri kollektivə təqdim olunub.
Bu barədə Bakıvaxtı.az-a Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın müvafiq əmri ilə Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunmuş Mehparə Mirzəyeva kollektivə təqdim olunub. Tədbirdə çıxış edən Günay Mahmudova Mehparə Mirzəyevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, təhsil sahəsində qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması və təhsil müəssisələri ilə işgüzar əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Mehparə Mirzəyeva göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək, qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində səylə çalışacağını qeyd edib.
Qeyd edək ki, “Tərəqqi” medalı ilə təltif olunmuş Mehparə Mirzəyeva uzun illər şəhid qardaşı Zəfər Murtuzəliyevin adını daşıyan Zaqatala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib. 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin olunub. 19 mart 2024-cü il tarixdən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.