Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Günümüzün ən böyük problemlərindən biri travmalı insanlardır. Bir çox hallarda bu travmaların kökündə uşaqlıq dövründə yol verilən tərbiyə səhvləri dayanır. Mütəxəssislər qeyd edirlər ki, övladın psixoloji sağlamlığının formalaşmasında ana və atanın rolu həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan sual yaranır: övladın yetişdirilməsində ana və atanın rol bölgüsü necə olmalıdır?
Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, travma insan həyatının təbii bir hissəsidir:
"Demək olar ki, hər kəs müxtəlif dövrlərdə müəyyən izlər buraxan təcrübələr yaşayır. Travma təkcə baş verən hadisə deyil, həmin hadisənin insanın yaddaşında necə qaldığı və ona hansı mənanın yüklənməsidir. Keçmiş, əslində arxaya baxıb gördüyümüz mənzərədir. İnsan hadisəyə münasibətini dəyişəndə travmanın həyatının bir parçası olduğunu qəbul edir və ona dağıdıcı məna yükləmir. Çünki həddindən artıq mənalandırılan hər şey insanın içində böyüyərək fəlakət hissinə çevrilə bilər".
Psixoloq qeyd etdi ki, övladın yetişdirilməsində ana və atanın rol bölgüsü sərt qaydalarla yox, sağlam əməkdaşlıqla qurulmalıdır.
"Ən əsas məsələ valideynlərin bir-biri ilə dialoqda olması, eyni dəyərlər və yanaşma ətrafında anlaşmasıdır. Ana və ata bir-birinə şəxsiyyət kimi yanaşanda uşaq da ailənin içində özünü şəxsiyyət kimi hiss edir. Bu, uşağın özünə inamının, sərhəd hissinin və emosional sabitliyinin formalaşmasına birbaşa təsir edir. Uşaqda yığılan stres çox vaxt emosional və davranış dəyişiklikləri ilə özünü göstərir. Belə hallarda valideynlərin anlayışlı, səbirli və dəstəkləyici münasibəti stresin azalmasında mühüm rol oynayır. Uşağın fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi üçün təhlükəsiz mühit yaradılmalıdır. Eyni zamanda gündəlik rejimin sabit olması, evdə qaydaların və münasibətlərin ardıcıl qalması uşağın psixoloji dayanıqlığını gücləndirir və ona özünü daha güvənli hiss etdirməyə kömək edir", - deyə Rövşən Nəcəfov əlavə etdi.
Xədicə BAXIŞLI