Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
...tellərimin ağrıyan,
Mənim ölən yerimsən...
Ulduzları sayıram
-milyonlardan birimsən...
Bu ağrıyan telimdən
Üç seçib-bir ayırıb
Ulduzlara göndərsəm,
Divin ayaq izindən
Bir tutam qar ayırıb
İzlərinə üfürsəm
Nağıl olarmı, görən?
...şeir olarmı, görən?
...bu qış gecəsində
Nağılım-noğulum ol...
Laylamın hecasında
Nur payım-oğulum ol...
Qızıma bəxt düzəldim-
Qarda bir beşik çəkim...
...əhd edim, qar ərisin,
Dərdimə ümid əkim...
Bu yaz döyüm qapını,
Deyim ki:
-Bax, gəlmişəm...
Gözümdə beşik şəkli,
Dilimdə “ah”...
Gəlmişəm...
Bir bayatı çək mənə...
Bir şeir də mən qoşum...
Nənəmin adın söylə,
Yaddaşımda cüt qoşum;
Xatirələr ələnib,
Urasında ümidim
Taleyə əsir qalıb...
...yenə yada düşmüsən...
Yəhərləyib həsrətin
Qara köhlən atını
Sənlə keçən hər günün
Sorağına düşmüşəm...
Xatirə xurcunumun
Naxışlı saçağında
Saçın ucun hörməyə
Bir salxımlıq yer qalıb...
Neynim... bu da taledi...
Dərdimin yaddaşında
nənəmdən bir bayatı,
Səndən bir şeir qalıb...
***
Ətəyimə daş yığmışam
Getdiyin yolun ağzından...
Özümü daşa qatmışam,
Keçib xoş günün azından...
Axtara-axtara gəlib
Ömrün qışına çatmışam...
Gölməçələrdə göllənib
palçıqdan “sən” yaratmışam...
tikdiyim donun düyməsiz,
ümiddən ilgək qoymuşam...
ömürdü...
öysüz-öyməsiz;
adını “gerçək” qoymuşam...
Ağrı...
Payız...
Dərman...
Şəki...
...Saçın sayır iki dəli...
...Yaman gülür güzgüdəki:
-Hardasan, ay Şəfa Vəli?
***
İtölən dərədə bir it ağladı,
Səsi sırğalandı qulaqlarımda...
Kimsə düyməsini əyri bağladı,
Dərdi yırğalandı qulaqlarımda...
İnsan ağrı-ağrı, əlac-əlacdı,
Səpilib dünyanın yaralarına...
Hardasa bir insan göyə əl açdı,
Qar düşdü saçının qaralarına...
Elə ağlayırdı o it...
Elə bil,
Yarası duzlanıb qaxac olurdu...
Nəyə ağlayırdı o it, kim bilir?!
Səsi hansı ömrə qaxınc olurdu?
***
Sonu nöqtəyə həsrət
Cümlə qurdum adına...
Redaktə etdiyim mətnin
İçində keçdi adın,
Ləçəklədi sözlərim:
“Qurban olum adına...”
İlişdi işarələr barmağımın ucuna...
...Bu mətnin hər obrazı
Bir az mənə bənzəyir...
Bir az sənə bənzəyir...
Hərdən də lap böyüyüb
Bir az “BİZ”ə bənzəyir...
İkimizdən biri yaydı, biri qış...
İkimizin adındakı o həsrətə min alqış...
...Mətn-mətn qocalır
İçimdə şair olan...
...Dünya məndən bac alır,
Ömrüm dolanbadolan...
Gələr olsan, yolüstü
Şeirin başına dolan...
...Mətn qarma-qarışıq...
Mətn-yazdı, mən-sazaq...
...Gözüm yoluna aşiq,
Könlüm darıxan yolçu...
Redaktə eləyirəm...
Amma ağlımda
Ləçəyi tökülən armud ağacı,
Və sən-gəlişi uzaq...
***
Zehnimdə sərçələr yuva qurub, gəl,
Bir ovuc vüsal səp, mən də sevinim...
Bilirəm, bombozdu, yumrudu əcəl,
O gedir...
Gedirəm...
... Belə sevirəm...
Gözümdə səhra var, bulud olub gəl,
Bir əlçim kölgə sal yanağım üstə..
Hissləri süzmüsən, qupquru qalıb
Kədərim ömrümün yamağı üstə...
Hər həkim yamaqçı,
hər dərman yamaq-
Keyidən, yatıran, iştah gətirən...
Min ildi dilimdə adın umacaq,
Min ildi ürəyim sevda ötürən...
... Getdiyin uzaqlar elə tanışdı,
Xəylalım min dəfə dolanar-gəzər...
Sərçələr zehnimdə yuva qurmuşdu...
Bir şeir üfürdüm, uçub getdilər...
Şəfa Vəli