Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bildiyimiz kimi, tanınmış yazıçı Şərif Ağayar sosial şəbəkədə Azərbaycan musiqi mühitində kişi ifaçılığını sərt şəkildə tənqid edib.
Onun paylaşımında işlətdiyi bəzi ifadələr isə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Yazıçının muğam və Xalq artisti Rəşid Behbudovun sənəti ilə bağlı səsləndirdiyi fikirlər sənətkarın ailə üzvləri, yaxınları və çoxsaylı pərəstişkarları tərəfindən kəskin şəkildə qınanıb. Yaranan ictimai reaksiyalardan sonra Şərif Ağayar mövqeyinə aydınlıq gətirərək üzrxahlıq mətni yayımlayıb.
O bildirib ki, qalmaqala səbəb olan statusunda məqsədi heç vaxt Rəşid Behbudovu və ya onun sənətini aşağılamaq olmayıb. Bununla belə, Rəşid Behbudovun qızı Rəşidə Rəşid mediaya açıqlamasında yazıçının üzrxahlığını qəbul etmədiyini bildirib.
Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında mərhum Xalq artisti Rəşid Behbudovun kürəkəni, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi bildirib ki, yazıçı üzr istəyib, lakin məsələ bununla bitmir.
O vurğulayıb ki, bu cür açıqlamalar bütövlükdə Azərbaycan mədəniyyətinə hörmətsizlikdir:
"Düşünürəm ki, Rəşid Behbudovla bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib. Amma yaxşı olardı ki, muğam haqqında və muğam ifaçıları barədə söylədiyi cəfəngiyyat fikirlərə görə də xalqdan üzr istəsin. İndi Rəşid Behbudova görə bizdən üzr istədi, deyək ki, biz bunu qəbul etdik. Amma söhbət təkcə Rəşid Behbudovdan getmir. O, Azərbaycanın minillik sənətini aşağılayıb. Yaxşı olardı ki, buna görə xalqdan da üzr istəsin".
Kamil Şahverdi məhkəmə məsələsinə toxunaraq qeyd edib ki, bu addım üzr istənilənə qədər idi:
"Düzdür, artıq statusunu silib. Amma kaş ki, ümumiyyətlə, olmayaydı, belə fikirlər səsləndirilməyəydi. İndi oldu və üzr istəyir. Üzr istəmək özü də bir hadisədir. Yaxşı, biz bunu qəbul etdik, amma muğamın aşağılanması məsələsi necə həll olunacaq, onu bilmirəm.
Məhkəmə məsələsinə gəlincə, o, üzrə qədər idi. Məncə, artıq onun əhəmiyyəti yoxdur. Düzdür, əslində əhəmiyyəti var ki, başqalarına dərs olsun. Amma insandır, üzr istədi. Amma indi muğam ifaçıları ilə bağlı necə olacağını bilmirəm".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: Şərif Ağayar Kamil Şahverdi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin