Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
28 May Azərbaycan xalqının tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız öz müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu tarix təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin siyasi həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü.
XX əsrin əvvəllərində dünyada mürəkkəb siyasi proseslər baş verirdi. Çar Rusiyasının süqutundan sonra region xalqları öz müqəddəratını müəyyən etmək imkanı qazandılar. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan ziyalıları və milli liderləri xalqın taleyini düşünərək müstəqil dövlət yaratmaq qərarı verdilər. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura tərəfindən qəbul olunan İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Yeni yaradılan parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin nümayəndələri təmsil olunurdu. Bu, həmin dövr üçün böyük demokratik addım idi. Azərbaycanda bütün vətəndaşlara milli və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Ən mühüm yeniliklərdən biri isə qadınlara seçki hüququnun tanınması oldu. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi dünya tarixində mühüm yer tutdu. Bu addım bir çox Avropa dövlətlərindən belə əvvəl atılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğuna da xüsusi önəm verirdi. Dövlət rəmzləri qəbul edildi, milli ordu yaradıldı, ana dili dövlət dili elan olundu, təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm tədbirlər görüldü. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması xalqın maariflənməsinə və milli kadrların hazırlanmasına xidmət edən böyük hadisə idi.
Cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərsə də, Azərbaycan dövlətçilik tarixində silinməz iz qoydu. 1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqillik itirilsə də, xalqın azadlıq arzusu heç zaman sönmədi. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi.
Bu gün müstəqil Azərbaycan dövləti Cümhuriyyət qurucularının ideyalarını yaşadır. Demokratik dövlət quruculuğu, hüquqi islahatlar, dünyəvilik prinsipləri və milli həmrəylik müasir Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir. Azərbaycan xalqı öz tarixini, dövlətçilik ənənələrini və müstəqilliyini daim uca tutur.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, müstəqillik böyük nemət olmaqla yanaşı, həm də hər bir vətəndaşın qoruyub yaşatmalı olduğu müqəddəs dəyərdir.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini