Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı konfrans keçirilib.
Tədbirdə respublikamızda sənaye təhlükəsizliyinin mövcud vəziyyəti təhlil edilərək sahənin inkişaf perspektivləri müəyyənləşdirilib.
Özəl və dövlət müəssisələri nümayəndələrinin iştirak etdikləri konfransda sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, həmçinin iş yerlərində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər, habelə qabaqcıl təcrübələr müzakirə edilərək fikir mübadiləsi aparılıb.
Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq yolları müzakirə edilib.
Konfransın ikinci panelində isə müxtəlif sənaye liderlərinin karbonsuzlaşdırma sahəsindəki yeniliklər barədə məlumatları dinlənilib, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyalarının və əməkdaşlığın gücləndirilməsindəki rolu vurğulanıb.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev konfransda çıxış edərək Azərbaycanda “yaşıl” enerjinin saxlanc sistemləri üzrə həcmlərinin 6 dəfə artırılması təşəbbüsünü irəli sürüb və sənayenin hər bir ölkənin və cəmiyyətin inkişafının başlıca amillərindən biri olduğunu diqqətə çatdırıb.
C.Abdullayev ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirildiyini, rəhbərlik etdiyi agentliyin hazırda öhdəsində olan 3 əsas layihədən birincisinin 2027-ci ilin sonuna qədər başa çatdırılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu , ikincisinin isə 2027-ci ilin sonuna qədər, təxminən, 2 giqavata yaxın bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulmasının nəzərdə tutulduğunu bildirib.