Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazax, 21 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC 44 günlük Vətən müharibəsində xalqımızın igid övladları ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda haqq savaşında qəhrəmanlıqla iştirak etdi.
Bəziləri döyüşlərdə, bəziləri isə arxa cəbhədə əllərindən gələni əsirgəmədi. Xüsusən də həkimlərimiz...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Həsən Məmmədov Tibb Universitetinin hərbi tibb fakültəsinin 5-ci kursunda oxuyanda Vətən müharibəsi başlayıb və tələbə yoldaşları ilə birlikdə könüllü şəkildə döyüşlərə qatılıb.
Deyir ki, hər kəsin ürəyi həmin günlərdə Vətən sevgisi, torpaqlarımızın azad edilməsi arzusu ilə döyünürdü.
Həsən də təhsilini yarımçıq saxlayıb, silaha sarılıb: “Vətən müharibəsi başlayanda avtobuslarla hərbi hissəyə yolla düşdük.
Səhər idi, Günəş yeni çıxmışdı, yol kənarında qoca ər-arvad dayanmışdı. Dizləri üstə çöküb bizim üçün dua edirdilər.
O mənzərəni heç zaman unutmaram. İnsanlar yolumuzu kəsib, bizə dəstək olurdular. Onsuz da dövlətimiz bizi hər cür təminatla dəstəkləyirdi.