Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupu olan Silk Way Group hava və səyahət xidmətləri sahəsində dünya lideri kimi tanınan dnata şirkəti ilə Bakının Ələt Azad İqtisadi Zonasında yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında yerüstü xidmətlər və yükdaşıma əməliyyatlarının aparılması məqsədilə müştərək müəssisənin yaradılması barədə müqavilə imzalayıb.
Birgə müəssisənin fəaliyyəti 2027-ci ilin aprelində yeni terminalın açılışı ilə başlayacaq və bu, Azərbaycanın aviasiya və logistika sahələrinin gələcəyinə mühüm sərmayə olacaq.
Layihə dnata-nın beynəlxalq təcrübəsini Silk Way Group-un yerli bazardakı liderliyi ilə birləşdirərək ölkədə aviasiya xidmətlərinin tam spektrini təqdim edəcək.
Ələt Beynəlxalq Hava Limanının müasir logistika infrastrukturu ildə 500 000 tondan çox yükün emalını təmin edəcək, növbəti onillikdə isə illik 5% artım proqnozlaşdırılır.
Birgə müəssisə ilkin mərhələdə yük daşımaları və yerüstü xidmətlərə fokuslanacaq, daha sonra fəaliyyət sahəsini genişləndirərək keyterinq, ekspedisiya, buzdan təmizləmə və digər xidmətləri də əhatə edəcək.
Məqsəd - hava yolları və aeroport müştəriləri üçün "bir pəncərə" prinsipi ilə dünya səviyyəsində səmərəlilik və xidmət standartları təqdim edən kompleks xidmət mərkəzi yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycanın aviasiya sektorunda uzunmüddətli imkanlar yaratmaq üçün bacarıqların inkişafı və təlimlərə sərmayə qoyuluşu ilə 1000-dən artıq yerli iş yerlərinin açılacağı gözlənilir.