Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2027-ci ildən Rusiyada miqrantları hansı təzyiqlər gözləyir?
İllərdir Rusiyaya çörəkpulu dalınca gedən milyonlarla insanın, o cümlədən yüz minlərlə soydaşımızın alışdığı bir sistem var idi. Bu sistemə görə, sənəd bir cür düzəlir, maaş başqa cür alınır, nəzarət isə kağız üzərində qalırdı. Görünən odur ki, artıq əmək bazarındakı “yazılmamış qaydalar” dövrü bitir. 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni mexanizm təkcə sənəd işlərini dəyişmir, həm də miqrantların ölkədə qalmasına birbaşa rəqəmsal maliyyə nəzarəti bağlayır.
İlk baxışdan bu dəyişikliklər bürokratiyanın azaldılması kimi görünür. Yeni ildən şirkətlərdə və fərdi sahibkarların yanında patentlə işə düzələn miqrantlar Daxili İşlər Nazirliyinə (DİN) özləri bildiriş göndərməyəcəklər. Bu yük tamamilə işəgötürənin çiyninə qoyulub. O, müqavilənin bağlanması və ya ləğvi barədə 3 iş günü ərzində “Qosusluqi” portalı ilə dövlətə xəbər verəcək. Yalnız adi vətəndaşların yanında (ev təsərrüfatı, bağçılıq, fərdi təmir) çalışanlar əvvəlki kimi 2 ay ərzində DİN-i özləri məlumatlandıracaqlar.
Bu “sadələşdirmənin” arxasında dəmir nəzarət dayanır. Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsi vaxtında məlumat verməyənlərə sərt cəzalar nəzərdə tutur. Qaydanı pozan adi vətəndaşı 4–7 min, vəzifəli şəxsi isə 35–50 min rubl cərimə gözləyir. Şirkətlər üçün hesab daha ağırdır. Onlar 400–800 min rubl cərimə ödəməli və ya məhkəmə qərarı ilə işini 14–90 gün dayandırılmalı olacaqlar. Moskva və Leninqrad vilayətlərində şərtlər daha da sərtdir. Burada cərimə 1 milyon rubla çatır, biznesin qapısı yenə 3 ayadək bağlana bilər. Üstəlik, qanun təkcə susmağı yox, səhv etməyi də bağışlamır; bildirişin formasındakı və ya qaydasındakı kiçik bir xəta da eyni cəzanı yaradır.
Moskvanın gizli hədəfi və soydaşlarımızı gözləyən tələlər
Kremlin bu sərt gedişlərinin arxasında gizlənən əsas niyyət, əslində, heç kimə sirr deyil. Məqsəd illərdir dövlət büdcəsindən yan keçən “kölgə iqtisadiyyatı”nın nəfəsini kəsmək, vergi axınını gücləndirmək və əcnəbi işçinin qazandığı qəpiyə qədər elektron nəzarətə götürməkdir. İndi artıq dövlət qurumları vahid rəqəmsal şəbəkədə birləşir. Vergi xidməti, pensiya fondu və miqrasiya orqanları arasındakı köhnə “kağız boşluğu” tamamilə aradan qalxır. Amma dövlətin bu “rəqəmsal gözü” Rusiyadakı ən böyük miqrant icmalarından olan azərbaycanlılar üçün həm işçi, həm də sahibkar cəbhəsində görünməyən tələlər qurur.
Yeni sistemdə miqrantın taleyi öz əlindən çıxıb birbaşa işəgötürənin məsuliyyətindən və vicdanından asılı qalacaq. Şirkət bildirişi bircə gün gecikdirərsə, yaxud köhnə adətlə maaşı rəsmi yox, “konvertdə” verərsə, vergi bazasında işçinin gəliri boş görünəcək. Vergi Xidməti də gözünü qırpmadan bu siqnalı DİN-ə ötürəcək və nəticədə, ortada heç bir günahı olmayan, alın təri tökən zəhmətkeşin sənədləri bir göz qırpımında adi kağız parçasına çevriləcək. İllərlə qazanılan etibar bir məmurun və ya mühasibin səhlənkarlığına qurban gedəcək.
Rəqəmsal nəzarət maaş məsələsində də zərrə qədər güzəştə getmir. Əgər işçinin rəsmi məvacibi həmin bölgədəki yaşayış minimumundan bir rubl belə azdırsa, sistem bunu dərhal qeydə alacaq, əmək patenti avtomatik ləğv olunacaq və ölkədən çıxmaq üçün cəmi 15 gün vaxt veriləcək. Bu isə kağız üzərində maaşı simvolik göstərilən minlərlə insanın bir səhər oyanıb özünü deportasiya siyahısında görməsi deməkdir. Ona görə də ticarət mərkəzlərində, topdansatış bazalarında və şirkətlərdə çalışan həmyerlilərimiz “DİN-ə bildiriş göndərmək yükündən qurtulduq” deyib arxayınlaşmamalıdırlar. Əksinə, müqavilədə maaşlarının tam və rəsmi yazılmasına, üstəlik, vergilərin vaxtında köçürülməsinə dörd gözlə nəzarət etməlidirlər ki, yaşayış minimumu tələbinə görə illərlə qurduqları güzəran dağılmasın.
Rusiyada ailəsi ilə məskunlaşan, övladlarını orada böyüdən soydaşlarımız da çətinliklə qarşılaşa bilər. Yeni qaydaya görə, işçinin rəsmi maaşı təkcə özünə yox, himayəsindəki həyat yoldaşının və uşaqlarının da (hər biri üçün yaşayış minimumu həddində) dolanışığına çatmalıdır. Üstəlik, hər uşaq üçün patent vergisinin 50 faiz bahalaşması ailə büdcəsini əməlli-başlı silkələyəcək. Bu isə həm gündəlik xərclərin artması, həm də Azərbaycandakı doğmalara göndərilən pul baratlarının azalması deməkdir.
Şübhəsiz ki, Rusiyada biznes quran, kafe, mağaza və ya tikinti briqadası işlədən azərbaycanlı sahibkarlarımız da artıq köhnə vərdişləri unutmalı, kadr uçotuna ciddi yanaşmalıdırlar. İşə qəbul və ya işdən azadetmə bildirişinin 3 iş günü ərzində elektron qaydada göndərilməsində yol veriləcək xırda səhlənkarlıq, hətta bircə hərfin və ya tarixin səhv yazılması onların biznesini aylarla kilidləyə, milyonluq cərimələrin altına sala və illərin zəhmətini bir gündə puç edə bilər.
Ünvanlara da nəzarət gəlir
Bir maraqlı məqama da toxunmaq lazımdır. Moskva miqrantlara nəzarəti təkcə iş yerləri və maliyyə sənədləri ilə məhdudlaşdırmır, artıq onların yaşadıqları binalara və məhəllələrə də müdaxilə edir. Bu yaxınlarda Daxili İşlər Nazirliyinin hazırladığı və hökumətin təsdiqlədiyi yeni tövsiyələrə əsasən, ölkədə miqrantların bir ərazidə kompakt şəkildə yerləşməsinin (“etnik anklavların”) qarşısı alınacaq.
Daxili işlər naziri Vladimir Kolokoltsev və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu addımı miqrantların cəmiyyətə adaptasiyası ilə izah edirlər. Rəsmi mövqeyə görə, əcnəbilərin bir binada və ya məhəllədə sıx yaşaması onların yerli mühitə uyğunlaşmasına, rus dilini öyrənməsinə və qanunlara əməl etməsinə mane olur. Buna görə də yerli hakimiyyət orqanlarına işəgötürənlərin əcnəbi işçiləri harada yerləşdirdiyinə nəzarət etmək və onları şəhər üzrə “parçalamaq” tapşırılıb. Maraqlıdır ki, bu nəzarətin hətta artıq Rusiya vətəndaşlığı almış keçmiş miqrantlara da şamil edilməsi gündəmdədir. Bu isə bazar və tikinti ətrafında ucuz kirayə evlərdə cəmləşən soydaşlarımız üçün yeni mənzil problemi və əlavə yol xərcləri deməkdir.
Seçim qarşısında qalanda...
2027-ci il islahatları Rusiya əmək bazarında illərdir davam edən “boz zona”nın sonudur. Moskva artıq miqrantlara açıq mesaj verir: “Ya tam rəsmi işlə, yüksək maaş göstər, özünün və ailənin vergisini ödə, şəhər üzrə səpələnmiş şəkildə yaşa, ya da 15 günə ölkəni tərk et”. Yeni vəziyyət əvvəlki kimi Rusiyada yaxşı pul qazanmaq imkanlarını xeyli azaldır. Qazancının çox hissəsini vergiyə, bahalaşan patentə və kirayəyə verən miqrant üçün orada qalıb işləmək sərf etməyəcək. Sərt qaydalardan qaçıb gizli işləməyə çalışanlar isə tamam hüquqsuz qalacaq və polis yoxlamalarında kütləvi şəkildə ölkədən qovulacaqlar.
Belə bir şəraitdə həm Rusiyada işləyən azərbaycanlı miqrantlar, həm də oradakı sahibkarlarımız üçün yeganə çıxış yolu maksimum ehtiyatlılıq və tam şəffaflıqdır. Eyni zamanda, bu proseslər xaricdəki soydaşlarımızın gələcək planlarına yenidən baxmasını, alternativ əmək bazarlarını və ya Vətənə qayıdış imkanlarını daha ciddi dəyərləndirməsini qaçılmaz edir.
Pünhan ƏFƏNDİYEV
XQ