Icma.az
close
up
RU
“Şimal küləyi”nin sərt üzü

“Şimal küləyi”nin sərt üzü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2027-ci ildən Rusiyada miqrantları hansı təzyiqlər gözləyir?

İllərdir Rusiyaya çörəkpulu dalınca gedən milyonlarla insanın, o cümlədən yüz minlərlə soydaşımızın alışdığı bir sistem var idi. Bu sistemə görə, sənəd bir cür düzəlir, maaş başqa cür alınır, nəzarət isə kağız üzərində qalırdı. Görünən odur ki, artıq əmək bazarındakı “yazılmamış qaydalar” dövrü bitir. 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni mexanizm təkcə sənəd işlərini dəyişmir, həm də miqrantların ölkədə qalmasına birbaşa rəqəmsal maliyyə nəzarəti bağlayır. 

İlk baxışdan bu dəyişikliklər bürokrati­yanın azaldılması kimi görünür. Yeni ildən şirkətlərdə və fərdi sahibkarların yanında pa­tentlə işə düzələn miqrantlar Daxili İşlər Na­zirliyinə (DİN) özləri bildiriş göndərməyə­cəklər. Bu yük tamamilə işəgötürənin çiyninə qoyulub. O, müqavilənin bağlanması və ya ləğvi barədə 3 iş günü ərzində “Qosusluqi” portalı ilə dövlətə xəbər verəcək. Yalnız adi vətəndaşların yanında (ev təsərrüfatı, bağçı­lıq, fərdi təmir) çalışanlar əvvəlki kimi 2 ay ərzində DİN-i özləri məlumatlandıracaqlar.

Bu “sadələşdirmənin” arxasında də­mir nəzarət dayanır. Rusiya İnzibati Xəta­lar Məcəlləsinin 18.15-ci maddəsi vaxtında məlumat verməyənlərə sərt cəzalar nəzərdə tutur. Qaydanı pozan adi vətəndaşı 4–7 min, vəzifəli şəxsi isə 35–50 min rubl cərimə göz­ləyir. Şirkətlər üçün hesab daha ağırdır. On­lar 400–800 min rubl cərimə ödəməli və ya məhkəmə qərarı ilə işini 14–90 gün dayan­dırılmalı olacaqlar. Moskva və Leninqrad vilayətlərində şərtlər daha da sərtdir. Burada cərimə 1 milyon rubla çatır, biznesin qapısı yenə 3 ayadək bağlana bilər. Üstəlik, qanun təkcə susmağı yox, səhv etməyi də bağışla­mır; bildirişin formasındakı və ya qaydasın­dakı kiçik bir xəta da eyni cəzanı yaradır.

Moskvanın gizli hədəfi və soydaşlarımızı gözləyən tələlər

Kremlin bu sərt gedişlərinin arxasında gizlənən əsas niyyət, əslində, heç kimə sirr deyil. Məqsəd illərdir dövlət büdcəsindən yan keçən “kölgə iqtisadiyyatı”nın nəfəsi­ni kəsmək, vergi axınını gücləndirmək və əcnəbi işçinin qazandığı qəpiyə qədər elekt­ron nəzarətə götürməkdir. İndi artıq dövlət qurumları vahid rəqəmsal şəbəkədə birləşir. Vergi xidməti, pensiya fondu və miqrasiya orqanları arasındakı köhnə “kağız boşluğu” tamamilə aradan qalxır. Amma dövlətin bu “rəqəmsal gözü” Rusiyadakı ən böyük miq­rant icmalarından olan azərbaycanlılar üçün həm işçi, həm də sahibkar cəbhəsində görün­məyən tələlər qurur.

Yeni sistemdə miqrantın taleyi öz əlindən çıxıb birbaşa işəgötürənin məsuliyyətindən və vicdanından asılı qalacaq. Şirkət bildirişi bir­cə gün gecikdirərsə, yaxud köhnə adətlə maaşı rəsmi yox, “konvertdə” verərsə, vergi bazasın­da işçinin gəliri boş görünəcək. Vergi Xidməti də gözünü qırpmadan bu siqnalı DİN-ə ötürə­cək və nəticədə, ortada heç bir günahı olma­yan, alın təri tökən zəhmətkeşin sənədləri bir göz qırpımında adi kağız parçasına çevriləcək. İllərlə qazanılan etibar bir məmurun və ya mü­hasibin səhlənkarlığına qurban gedəcək.

Rəqəmsal nəzarət maaş məsələsində də zərrə qədər güzəştə getmir. Əgər işçinin rəs­mi məvacibi həmin bölgədəki yaşayış mini­mumundan bir rubl belə azdırsa, sistem bunu dərhal qeydə alacaq, əmək patenti avtomatik ləğv olunacaq və ölkədən çıxmaq üçün cəmi 15 gün vaxt veriləcək. Bu isə kağız üzərində maaşı simvolik göstərilən minlərlə insanın bir səhər oyanıb özünü deportasiya siyahı­sında görməsi deməkdir. Ona görə də ticarət mərkəzlərində, topdansatış bazalarında və şirkətlərdə çalışan həmyerlilərimiz “DİN-ə bildiriş göndərmək yükündən qurtulduq” deyib arxayınlaşmamalıdırlar. Əksinə, müqa­vilədə maaşlarının tam və rəsmi yazılmasına, üstəlik, vergilərin vaxtında köçürülməsinə dörd gözlə nəzarət etməlidirlər ki, yaşayış minimumu tələbinə görə illərlə qurduqları güzəran dağılmasın.

Rusiyada ailəsi ilə məskunlaşan, övladla­rını orada böyüdən soydaşlarımız da çətinlik­lə qarşılaşa bilər. Yeni qaydaya görə, işçinin rəsmi maaşı təkcə özünə yox, himayəsindəki həyat yoldaşının və uşaqlarının da (hər biri üçün yaşayış minimumu həddində) dolanışı­ğına çatmalıdır. Üstəlik, hər uşaq üçün patent vergisinin 50 faiz bahalaşması ailə büdcəsini əməlli-başlı silkələyəcək. Bu isə həm gündə­lik xərclərin artması, həm də Azərbaycandakı doğmalara göndərilən pul baratlarının azal­ması deməkdir. 

Şübhəsiz ki, Rusiyada biznes quran, kafe, mağaza və ya tikinti briqadası işlədən azərbaycanlı sahibkarlarımız da artıq köhnə vərdişləri unutmalı, kadr uçotuna ciddi ya­naşmalıdırlar. İşə qəbul və ya işdən azadetmə bildirişinin 3 iş günü ərzində elektron qayda­da göndərilməsində yol veriləcək xırda səh­lənkarlıq, hətta bircə hərfin və ya tarixin səhv yazılması onların biznesini aylarla kilidləyə, milyonluq cərimələrin altına sala və illərin zəhmətini bir gündə puç edə bilər.

Ünvanlara da nəzarət gəlir

Bir maraqlı məqama da toxunmaq la­zımdır. Moskva miqrantlara nəzarəti təkcə iş yerləri və maliyyə sənədləri ilə məhdudlaş­dırmır, artıq onların yaşadıqları binalara və məhəllələrə də müdaxilə edir. Bu yaxınlarda Daxili İşlər Nazirliyinin hazırladığı və hö­kumətin təsdiqlədiyi yeni tövsiyələrə əsasən, ölkədə miqrantların bir ərazidə kompakt şə­kildə yerləşməsinin (“etnik anklavların”) qar­şısı alınacaq.

Daxili işlər naziri Vladimir Kolokoltsev və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu addımı miqrantların cəmiyyətə adaptasiyası ilə izah edirlər. Rəsmi mövqeyə görə, əcnəbilərin bir binada və ya məhəllədə sıx yaşaması onların yerli mühitə uyğunlaş­masına, rus dilini öyrənməsinə və qanunlara əməl etməsinə mane olur. Buna görə də yerli hakimiyyət orqanlarına işəgötürənlərin əcnəbi işçiləri harada yerləşdirdiyinə nəzarət etmək və onları şəhər üzrə “parçalamaq” tapşırılıb. Maraqlıdır ki, bu nəzarətin hətta artıq Rusi­ya vətəndaşlığı almış keçmiş miqrantlara da şamil edilməsi gündəmdədir. Bu isə bazar və tikinti ətrafında ucuz kirayə evlərdə cəmləşən soydaşlarımız üçün yeni mənzil problemi və əlavə yol xərcləri deməkdir.

Seçim qarşısında qalanda...

2027-ci il islahatları Rusiya əmək baza­rında illərdir davam edən “boz zona”nın so­nudur. Moskva artıq miqrantlara açıq mesaj verir: “Ya tam rəsmi işlə, yüksək maaş göstər, özünün və ailənin vergisini ödə, şəhər üzrə səpələnmiş şəkildə yaşa, ya da 15 günə ölkəni tərk et”. Yeni vəziyyət əvvəlki kimi Rusiyada yaxşı pul qazanmaq imkanlarını xeyli azaldır. Qazancının çox hissəsini vergiyə, bahalaşan patentə və kirayəyə verən miqrant üçün orada qalıb işləmək sərf etməyəcək. Sərt qaydalar­dan qaçıb gizli işləməyə çalışanlar isə tamam hüquqsuz qalacaq və polis yoxlamalarında kütləvi şəkildə ölkədən qovulacaqlar.

Belə bir şəraitdə həm Rusiyada işləyən azərbaycanlı miqrantlar, həm də oradakı sa­hibkarlarımız üçün yeganə çıxış yolu mak­simum ehtiyatlılıq və tam şəffaflıqdır. Eyni zamanda, bu proseslər xaricdəki soydaşları­mızın gələcək planlarına yenidən baxmasını, alternativ əmək bazarlarını və ya Vətənə qa­yıdış imkanlarını daha ciddi dəyərləndirmə­sini qaçılmaz edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri