Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şimali Koreya Respublikasının lideri Kim Çen Inın beyin qanaması keçirərək komaya düşdüyü və müalicə üçün Pekinə aparıldığı ilə bağlı iddialar sosial mediada yayılıb.
Yeniavaz.com xəbər verir ki, onun sağlamlıq problemləri ilə bağlı yayılan bu şayiələr ABŞ-də yaşayan çinli dissident Vanqun Xienin sosial şəbəkə (X) paylaşımları və Britaniyanın “The Sun” kimi nəşrlərinin iddiaları ilə yayılmağa başlayıb.
Bazar günündən gündəmə gələn iddialar qısa müddətdə ən çox müzakirə olunan mövzular siyahısında yer alıb.
Lakin, KXDR bazar ertəsi günü Pxenyanda keçirilən Milli Geyim və Ayaqqabı Sərgisini ziyarət edərkən Kimin fotolarını yayımlayıb. Fotolarda liderin həyat yoldaşı Ri Sol-cu və qızı Kim Cue ilə birlikdə paytaxt Pxenyanda keçirilən Milli Geyim və Ayaqqabı Sərgisini ziyarət etdiyi və rəsmilərlə aktiv şəkildə ünsiyyətdə olduğu görünür.
Həmçinin, Cənubi Koreya kəşfiyyatı da Kim Çen Inın səhhətində hər hansı kəskin pisləşmə və ya koma vəziyyətinin aşkarlanmadığını, onun aktiv fəaliyyətini davam etdirdiyini bildirib.
Qeyd edək ki, Şimali Koreya liderinin ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. Bu səbəbdən, onun səhhəti ilə bağlı analoji iddialar əvvəlki illərdə də dəfələrlə yayılmış, lakin sonradan yalan olduğu ortaya çıxmışdı.