525.az saytına istinadən Icma.az xəbər verir.
"Tütün məmulatlarının qiymətində artım ola bilər. Siqaretin qiymətinin artması vergi və aksiz dərəcələrilə bağlıdır. Bu, sosial və həssas məsələ olmadığına görə rahat bir şəkildə vergiləri artırır və bu, dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq. Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq".
Bunu iqtisadçı ekspert Naztiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər: "Qeyd edim ki, ölkədə qiymətlər kəskin artanda, qonşu ölkələrdə daha ucuz olanda qaçaqmalçılıq geniş vüsət alır. Bu isə ciddi bir problemdir. Siqaretin qiyməti artdıqca qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım olacaq. Tütün məmulatlarının qonşu ölkələrdə bizdən daha ucuz olması qaçaqmalçılıq kimi neqativ halların çoxalmasına gətirib çıxaracaq".
İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, hazırda hökumətin əsas hədəfi yerli tütünçülüyün inkişaf etdirilməsidir: "Ölkədə yerli tütünçülüyün inkişafı üçün idxal təsirlərini minimuma endirilməsi məqsədi qarşıya qoyulub. Hesab edilir ki, bununla ölkədə daxili istehsalı və yerli məhsulların rəqabət imkanlarını artırmaq mümkün olacaq. Təəssüf ki, son beş ildə ölkədə tütünçülüyün inkişafı ilə bağlı tədarük göstəricilərində yüksəlmə müşahidə olunmur. Yerli tütünçülüyün istehsalı ilə bağlı tədarük göstəriciləri 2022-ci illə müqayisədə 70 faiz azalıb. Dövlət Proqramı üzrə qarşıya qoyulan tələblərə çatmaq mümkün olmayıb. Proqramın 40 faiz belə icra olunmayıb. Belə olan təqdirdə daxili bazarda ciddi şəkildə tələb və təklif arasında dizbalans yaranır. Nəticə etibarilə də qiymətlər xarici bazarlardan və xarici valyutaların məzənnəsindən asılı olaraq dəyişir. Hökumətin aksiz vergisini artırması nəticəsində qiymətlərin bahalaşması gözlənilən idi. Hesab edirəm ki, bahalaşma prosesi bir qədər də davam edəcək. Bu, təxminən 5-10 faiz civarında olacaq. Çünki ilkin mərhələdə inzibati təsirlər bazarda özünü qiymət artımı ilə göstərir. Növbəti mərhələlərdə də burada sui-istifadə halları və psixoloji faktorlar rol oynamağa başlayacaq. Qiymətlər bundan sonra təxminən 5-10 faiz civarında yenə bahalaşacaq".
Sevinc QARAYEVA