Siqaret üstündə dava 21 yaşlı gənc həbs edildi

29.08.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda gənc oğlan küçədə tanımadığı şəxsi döyüb.

Modern.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

21 yaşlı Musa Nəzərov (şərti adla) küçədə Ceyhundan siqaret istəyib. Ceyhun siqareti olmadığını desə də, Musa təkrar yenə onda siqaret olub-olmadığını soruşub. Bu zaman Ceyhun “Sənə dedim axı yoxdur, məni ələ salmısan ya özünü?” deyə cavab verib. Belə cavabdan sonra tərəflər bir-birini söyüblər. Nəticədə Musa yumruqla Ceyhunu vurub. Ceyhun yerə yıxılandan sonra isə təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib. Zərərçəkənin şikayəti əsasında Musa Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

M. Nəzərov ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən Ceyhun isə Musanı bağışlamadığını bildirərək, onun həbs olunmasını istəyib.

Məhkəmənin qərarı ilə M. Nəzərov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью