Sirli Xanım tapıldı

23.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Valensiya yaxınlığındakı Kova-de-les-Dones (“Qadınlar mağarası”) mağarasında arxeoloqlar Roma dövrünə aid 120-dən çox latın yazısı aşkar ediblər.

"Cebheinfo.az" xəbər verir ki, "Live Science" bu barədə yazıb. Bildirilib, bu, Roma imperiyası ərazisində indiyədək məlum olan bu tipli yazıların ən böyük toplusudur.

Beş yazıda əvvəllər məlum olmayan bir ilahənin adı çəkilir. Ona sitayiş edənlər onu sadəcə Domina, yəni “Xanım” adlandırıblar.

Tapıntılar 2026-cı il qazıntıları zamanı aşkar edilib. 2024-cü ildə tədqiqatçılar mağarada cəmi 15 yazı qeydə almışdılar. Yeni yazıların əksəriyyəti eramızın I–II əsrlərinə aiddir. Onlar mağaranın girişdən uzaq hissəsinin divarlarını və tavanını örtür. Arxeoloqlar bu ərazini xüsusi təşkil edilmiş müqəddəs ziyarətgah hesab edirlər.

Sevilyadakı Milli Distant Təhsil Universitetinin arxeoloqu və speleoloqu Serxio Qarsia-Dils bildirib:

“Yazıların mağaranın girişdən uzaqda yerləşən müəyyən və məhdud bir hissəsində cəmlənməsi burada təşkil olunmuş dini kultun mövcud olduğunu təsdiqləyir”.

Beş yazıda Domina adına müraciət var. Onların üçündə Domina sözünün yanında Malaci adı da qeyd olunur. Tədqiqatçılar bunun ilahənin epiteti, yəni ona verilən xüsusi ad və ya titul ola biləcəyini düşünürlər.

Hələlik onun mənşəyini və hansı funksiyanı daşıdığını dəqiq müəyyən etmək mümkün olmayıb. Saraqosa Universitetinin tarixçisi Silvia Alfayenin fikrincə, bu ilahənin su ilə əlaqəli xüsusi funksiyası ola bilər.

Bu ehtimal ziyarətgahın xüsusiyyətləri ilə də əlaqələndirilir. Mağaranın dərinliyində qrunt sularının toplandığı kiçik təbii hovuzlar var. Görünür, insanlar buraya müxtəlif qurban və hədiyyələr qoyublar. Lakin bunların məhz “Xanım”a, yoxsa başqa tanrılara həsr edildiyi hələ məlum deyil.

Arxeoloji tapıntılar, həmçinin qadınların dini mərasimlərdə fəal iştirak etdiyini göstərir. Mağarada kasa formasında qablar, iki üzük, bilərzik, keramika parçaları, bitki qalıqları və digər əşyalar tapılıb.

Bəzi yazılarda qadın adları qeyd olunur. Bundan başqa, çoxlu sayda toxuculuqda istifadə olunan iy başlıqları aşkar edilib. Bu da qadınların mağarada iştirakına dair əlavə dəlil ola bilər.

Tədqiqatçılar bildirirlər ki, yazıların hamısını hələ oxumaq mümkün olmayıb. Onlar gələcək araşdırmaların sirli ilahə və ona sitayiş edən insanlar haqqında daha çox məlumat verəcəyinə ümid edirlər.

Mağaranın tarixi isə Roma dövründən çox daha qədimdir

Kova-de-les-Dones mağarasında əvvəllər  paleolit dövrünə aid 100-dın çox qayaüstü rəsm və oyma aşkar edilmişdi. Onların bəzilərinin yaşı 24 min ildən çoxdur.

Alimlərin fikrincə, mağara minilliklər ərzində insanları cəlb edib. Bunun əsas səbəbləri burada suyun daim mövcud olması, mağaranın yeraltı quruluşunun xüsusiyyətləri və mağaraya girişin nisbətən rahat olması ola bilər. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью