Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb.
Tədbirdə Beynəlxalq Əlillər Gününün 1992-ci ilin dekabrın 14-də BMT Baş Assambleyasının qərarı ilə təsis edildiyi, Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən başlayaraq Azərbaycanda da geniş qeyd olunduğu bildirilib.
Həmçinin Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması, rifah halının yaxşılaşdırılması, problemlərinin həlli, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqramlarından danışılıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlillərə münasibətdə həyata keçirilən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərin cəmiyyətə örnək nümunəsi olduğu xüsusi qeyd edilib.
Dövlət başçısının əlillərə göstərdiyi diqqət və qayğının yerlərdə də davam etdirildiyi bildirilib.