Siyasi millət və Azərbaycan dövlətçiliyinin fəlsəfəsi

21.07.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Prof. Doc.Toğrul İsmayıl

Milli məsələnin fəlsəfəsini dərk etməliyik

Milli məsələ hər bir dövlət üçün ən həssas və strateji mövzulardan biridir. Çünki bu anlayış yalnız etnik mənsubiyyətlə bağlı deyil. O, dövlətin təhlükəsizliyi, siyasi sabitliyi, ictimai həmrəyliyi və milli kimliyi ilə birbaşa əlaqəlidir. Tarix göstərir ki, dövlətləri zəiflətməyin ən təsirli yollarından biri onların milli birliyini sarsıtmaq, etnik fərqləri siyasi qarşıdurmaya çevirmək və ortaq dövlətçilik şüurunu zəiflətməkdir.

Buna görə də milli məsələni emosiyalarla deyil, dövlətçilik fəlsəfəsi, siyasi sosiologiya və tarixi reallıqlar prizmasından dəyərləndirmək lazımdır.

Azərbaycan tarixən müxtəlif etnosların və etnik qrupların eyni dövlətçilik məkanında əsrlər boyu birgə yaşadığı nadir coğrafiyalardan biridir. Türklər, talışlar, ləzgilər, avarlar, tatlar, saxurlar, kürdlər, ingiloylar, udinlər, yəhudilər, ruslar və digər etnik qruplar eyni torpağı bölüşmüş, eyni iqtisadi və ictimai münasibətlərin iştirakçısı olmuş, eyni təhlükələrə qarşı çiyin-çiyinə mübarizə aparmış, eyni dövlətin inkişafına öz töhfələrini vermişlər.

Məhz buna görə Azərbaycanın əsas üstünlüyü etnik müxtəliflik deyil, bu müxtəlifliyin vahid siyasi birlik və ortaq dövlətçilik şüuru ətrafında formalaşmasıdır.

Siyasi nəzəriyyədə "etnos" və "millət" eyni anlayış hesab edilmir. Ernest Renanın məşhur ifadəsi ilə desək, millət ortaq yaddaşın və ortaq gələcək iradəsinin məhsuludur. Benedikt Anderson milləti "təsəvvür edilən siyasi birlik", Ernest Gellner isə onu modern dövlət quruculuğunun ayrılmaz elementi kimi qiymətləndirirdi. Entoni Smit isə göstərirdi ki, müasir millətlər tarixi etnik yaddaş üzərində formalaşsalar da, onları yaşadan əsas amil ortaq siyasi məqsəd və ortaq dövlətçilik ideyasıdır.

Azərbaycanın dövlətçilik modeli də məhz bu yanaşmaya söykənir.

Bu baxımdan "azərbaycanlı" anlayışı hüquqi-siyasi mənsubiyyəti, "türk" isə ölkə əhalisinin böyük hissəsinin etnik-mədəni kimliyini ifadə edir. Bu iki anlayış bir-birinə alternativ deyil. Əksinə, biri vətəndaşlığı, digəri isə tarixi-etnik mənsubiyyəti göstərir. Onları qarşı-qarşıya qoymaq həm elmi, həm də siyasi baxımdan doğru yanaşma deyil.

Lakin tarixi həqiqətlərin də dəyişdirilməsi mümkün deyil.

Məlumdur ki, XX əsrin əvvəllərinə qədər bugünkü Azərbaycan türkləri rəsmi sənədlərdə və beynəlxalq mənbələrdə "türk" adı ilə qeyd olunurdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili də "türk dili" idi. Sovet milli siyasəti çərçivəsində "azərbaycanlı" anlayışı etnik məna daşımağa başladı, müstəqillik dövründə isə bu anlayış daha çox hüquqi-siyasi vətəndaşlıq kimliyinin ifadəsinə çevrildi.

Bu tarixi prosesi qəbul etmək Azərbaycanda yaşayan digər etnosların hüquqlarını və kimliyini inkar etmək demək deyil.

Əksinə, onların dilləri, mədəniyyətləri və adət-ənənələri Azərbaycanın ümumi milli-mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

Lakin burada bir prinsip dəyişməz qalmalıdır:

Etnik kimlik dövlətə alternativ siyasi layihəyə çevrilməməlidir.

Читать полностью