Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan növbəti dəfə hakimiyyətdə qalmağı bacarıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası təxminən 51 faiz səslə birinci olub və hökuməti formalaşdırmaq hüququ əldə edib. İlk baxışdan bu nəticə Paşinyanın qələbəsi kimi görünür. Lakin rəqəmlərin arxasında gizlənən siyasi reallıq tamamilə fərqlidir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib:
“Əslində Paşinyan seçkidə qalib gəlsə də, siyasi baxımdan əvvəlkindən daha zəif vəziyyətə düşüb. Paşinyan İkinci Qarabağ savaşından sonra 2021-ci ildə keçirilən parlament seçkilərində 72 mandat əldə etmişdi və Ermənistanın siyasi sistemində faktiki olaraq rəqibsiz mövqeyə malik idi. Müxalifət isə ümumlikdə 36 deputat yeri qazanmışdı. “Ermənistan” bloku 29 səs, Serj Sərkisyan və Artur Vanesyanaın lideri olduğu “Mənim şərəfim” bloku 7 yer qazanmışdı.
Bu gün isə vəziyyət dəyişib. İlkin nəticələrə görə, 7 iyunda keçirilən seçkilərdən sonra mandatlar aşağıdakı kimi paylanır: Hakim “Vətəndaş Müqaviləsi” Partyası – 61 mandat; Samvel Karapertyanın lideri olduğu “Güclü Ermənistan” bloku – 28 mandat; Robert Köçəryanaın lideri olduğu “Ermənistan” bloku – 11 mandat; iş adamı Qaqik Tsarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” Partiyası isə – 5 mandat. Ümumilikdə müxalifət 44 yer qazanıb”.
M. Bünyadlı hesab edir ki, hakim partiya parlamentdə sadə çoxluğa malik olsa da, ölkənin gələcəyini müəyyən edəcək strateji qərarları təkbaşına qəbul etmək imkanından xeyli uzaqdır:
“Ən mühüm məqam isə budur ki, Paşinyan konstitusion çoxluq əldə edə bilməyib. Seçkidən əvvəl həm Ermənistanın daxili siyasi gündəmində, həm də Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ Konstitusiya islahatı idi. Çünki Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir.
Bu vəziyyətdə müxalifət parçalanmış olsa da, parlamentdə daha geniş təmsilçilik qazanıb və hakimiyyətin qərarlarına təsir göstərə biləcək imkanlar əldə edib. Bu isə Paşinyanın qarşıdakı beş ildə əvvəlki kimi rahat manevr edə bilməyəcəyini göstərir”.
Günay