Siz də öz “ququ quşu”nuzu tanıyırsınızmı?

23.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Yəqin ki, ququ quşu haqqında eşitmisiniz. Ququ quşu heç vaxt kürt yatmır. Yumurta qoymaq vaxtı gələndə yarpaqlar arasında gizlənərək bir yuvanı uzun müddət müşahidə altında saxlayır. Yuvadakı quş yumurtladıqdan sonra (təbii ki, ana quş yuvada olmadığı bir vaxtda) yuvaya yaxınlaşır və yumurtasını qoyaraq oradan uzaqlaşır. Ancaq buna qədər dişi quş daha bir iş görür və ana quş şübhələnməsin deyə, həqiqi yumurtalardan birini aşağı atır.
On iki günlük kürt dövründən sonra bala quş yumurtadan çıxır və yumurtadan çıxar-çıxmaz ilk işi (yenə də, təbii ki, ana quş yuvada olmadığı bir vaxtda) yuvadakı digər yumurtaları aşağı atmaq olur. Bəli, bəli səhv eşitmədiniz. Bala quş yumurtadan çıxar-çıxmaz ilk işi yuvadakı digər yumurtaları aşağı atmaq olur. Beləliklə, bala quş bu addımı ilə elə ilk gündən rəqiblərini sıradan çıxarır. Balanın yuvadan ayrılmağa hazırlaşdığı 6-cı həftədə isə çox qəribə bir mənzərə meydana çıxır: Bir tərəfdə baladan bir neçə dəfə kiçik ana quş, o biri tərəfdə isə anadan bir neçə dəfə böyük bala quş!..
Əslində, elə nəfsimiz də bir “ququ quşu” deyilmi? Bu ququ quşunun ağlımızı, vicdanımızı yuvadan atmasına göz yummuruqmu? Hələ bu az imiş kimi, hisslərimizi də bu ququ quşuna qurban vermirikmi? Həm də təkcə hisslərimizimi?.. Elə isə hər birimiz həyatımızdakı ququ quşlarını yaxşı tanımalı və nə olursa-olsun, yuvamıza sahib çıxmalıyıq.
P. S. “Hünər nəfsi silməkdə deyil, bilməkdədir” (Hacı Bektaş Vəli).
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью