525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əbülfəz SÜLEYMANLIProfessor [email protected] Müasir dövrdə ictimai diskursun formalaşmasında Azərbaycanda daha çox blogerlər kimi tanınan şəxslərin əhəmiyyətli rol oynadığı müşahidə olunur.
Akademik müstəvidə bu proses mikro miqyaslı fərdi təcrübələrin makro səviyyəli ictimai rəy istehsalına çevrilməsi kimi dəyərləndirilə bilər; bədii-metaforik baxımdan isə, bəzən bir telefon kamerası bütöv bir televiziya kanalı qədər təsir gücünə malik olur.
Son illərdə bu təsirin təkcə daxili ictimai mühitlə məhdudlaşmadığı, eyni zamanda ölkələrarası münasibətlərin emosional iqliminə də sirayət etdiyi aydın şəkildə ortaya çıxır.
Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri kimi tarixi, mədəni və mənəvi bağlarla möhkəmlənmiş bir xətdə sosial media fenomenlərinin yaratdığı təsir bəzən münasibətlərin daha da möhkəmlənməsinə, bəzən isə lüzumsuz yanlış anlaşılmalara zəmin yaradır.
Bu kontekstdə müsbət və aktual nümunə kimi, qısa zamanda məşhurlaşaraq sevilən və geniş auditoriya tərəfindən diqqətlə izlənilən “yırtıq pantalon” rumuzlu türkiyəli bloger Oğuzhan Tıraşın Türkiyədən Monqolustana piyada səyahəti ayrıca vurğulanmalıdır.
Onun Azərbaycan ərazisindən keçərkən demək olar ki, hər addımbaşı insanlarımızın xoş münasibəti, səmimi davranışı və qonaqpərvərliyi ilə qarşılaşması şəxsi müşahidə olmaqdan çıxaraq geniş auditoriyaya yayılan bir hekayəyə çevrildi.
Videolarda uşaqlardan böyüklərə qədər Türkiyəyə olan sevginin gündəlik davranışlarda necə təbii şəkildə ifadə olunduğu açıq görünürdü.