Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün “Instagram dietoloqları”, “TikTok möcüzələri” və “3 günə 7 kilo” vədləri sosial şəbəkələri zəbt edib.
Bir stəkan limonlu su, bir ovuc toxum, bir qadağan siyahısı… və guya bütün həyat dəyişir.
Ancaq sual açıq qalır: bu, doğrudan da sağlam həyatdır, yoxsa insan bədəni üzərində aparılan səssiz, nəzarətsiz bir eksperiment?
Minlərlə insan, xüsusilə gənc qadınlar, öz bədənlərini tanımadan, tibbi müayinə olmadan, “influencer”in bir videosuna inanaraq qidalanmasını tam dəyişir.
Heç kim soruşmur: bu pəhriz kimin üçün uyğundur? Hansı orqanizmə zərər verə bilər? Bu “möcüzə”nin sabahkı hesabını kim verəcək?
Ən təhlükəlisi isə budur ki, sağlamlıq anlayışı estetik görüntüyə qurban verilir. Arıqlamaq, sağlam olmaqla eyniləşdirilir.
Halbuki halsızlıq, saç tökülməsi, hormonal pozuntular, psixoloji gərginlik bu “sağlam həyat”ın səssiz nəticələridir.