Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin iclasında “Təhsil haqqında” Qanunun yenidən hazırlanması məsələsi gündəmə gəlib. Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov təklif edib ki, mövcud ikipilləli müdafiə sisteminin mərhələli şəkildə ləğv edilərək vahid doktorluq dərəcəsi modelinə keçid edilsin.
Redaktor.az təkliflə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikirlərini təqdim edir:
"Millət vəkili Vasif Qafarovun qaldırdığı təşəbbüs əslində müasir dünya elminin tələblərindən irəli gəlir. Mən və digər alim həmkarlarım tərəfindən bu istiqamətdə məhz doktoranturanın birpilləli olması ilə bağlı arqumentlər səsləndirilib. Digər millət vəkilləri bu məsələ ilə bağlı yanaşmalar ortaya qoyublar və hesab edirəm ki, Azərbaycan elminin beynəlxalq akademik məkana inteqrasiyası baxımından doktorantura pilləsinin birpilləli olması ən aktual mövzulardan biridir. Hesab edirəm ki, bu keçid artıq zamanın tələbidir və gecikmiş bir prosesin nəhayət ki, sonlanmasına ehtiyac var. Mövcud ikipilləli sistem — fəlsəfə doktoru və elmlər doktoru — sovet dövründən qalma bir mirasdır və bu gün əksər inkişaf etmiş ölkələrdə bu sistem birpilləli olaraq tətbiq olunur. Eyni zamanda, Boloniya prosesinə qoşulan dövlətlərdə belə vahid fəlsəfə doktoru sistemi tətbiq olunur. Azərbaycan Boloniya prosesinə 2005-ci ildə qoşulub. Bu prosesin əsas tələblərindən biri ali təhsilin vahid strukturuna keçidin təmin olunması və elmi dərəcələrin beynəlxalq səviyyədə tanınmasını təşviq edir. Doktoranturanın vahid pilləli olmasını nəzərdə tutan digər beynəlxalq sənədlər də mövcuddur, hansı ki, Azərbaycan bu sənədlərə çoxdan qoşulub".
Müsahibimiz fikirlərini nümunələrlə əsaslandırdı:
"Lissabon Tanınma Konvensiyasını Azərbaycan 1998-ci ildə ratifikasiya edib və konvensiya Avropa məkanında ixtisasların tanınmasını tənzimləyir. Konvensiya çərçivəsində hazırlanan tövsiyələr elmi dərəcələrin şəffaflığını və vahid modelə yaxınlaşmasını tələb edir. Daha bir sənəd Avropa Ali Təhsil Məkanı standartlarıdır. Burada da tədqiqatçının müstəqil elmi fəaliyyəti üçün fəlsəfə doktoru dərəcəsi alması kifayət sayılır. Avropa Universitetlər Assosiasiyasının hazırladığı prinsiplər var. Azərbaycan bu prinsiplərə də tərəfdaş çıxıb və Azərbaycanın bir çox aparıcı universitetləri Avropa Universitetlər Assosiasiyasının üzvüdür. Bu prinsiplərə hesab edirəm ki, doktoranturanın vahid tədqiqat mərhələsi olaraq qəbul olunması artıq zamanın tələbidir.
Doktoranturanı birpilləli edək, ikipilləli edək — bunu demək asandır. Amma elm adamları bunun faydalarını çox gözəl bilirlər. Birincisi, vaxt itkisinin qarşısının alınmasıdır. Elmlər doktoru pilləsi çox halda alimlərin ən məhsuldar yaş dövrünü — təxminən həqiqi alim bir dəfə müdafiə edir fəlsəfə doktoru elmi dərəcəsini alır. Məhsuldar dövrü yalnız hədəfləyir ki, mən gedim təzədən müdafiə edim, elmlər doktoru diplomu alım, bir kağız parçası alım. Ona görə də vahid model hesab edirəm ki, vaxt itkisinin qarşısını alacaq və məhsuldarlığı daha çox elmi tədqiqata və faydalı əməyə sərf edəcək. Mütləq şəkildə biz bu modelə keçməliyik".
Alimin sözlərinə görə, keçid olarsa, Azərbaycan elmində yalançı akademik yükü azaltmış olacağıq:
"Həm də gənclərin motivasiyasını artırmış olacağıq. Bu mənada mən hesab edirəm ki, bu, xaricdə müdafiə etmiş alimlərin diplomunun vahidlik, ekvivalentlik probleminin həllinə gətirib çıxaracaq, akademik mobilliyə səbəb olacaq. Azərbaycan alimlərinin beynəlxalq qrant layihələrində iştirakı üçün bəzən onların fəlsəfə doktoru statusu bürokratik maneələr yaradır. Azərbaycan beynəlxalq konvensiyalara sənədlərə tərəfdaş çıxıb, amma ölkədə hələ də ikili, elmi fəlsəfə və elmlər doktoru dərəcəsi müdafiə eləmək tələbi var. Bu eyni zamanda gəncləri də elmdən uzaqlaşdıran səbəblərdən biridir. Artıq bir vahid sistemə keçid gənc yaşlarından alimə imkan verəcək ki, o tam müstəqil bir tədqiqatçı olsun, enerjisini ikinci dissertasiyaya yox, real işlərə sərf eləsin. Hesab edirəm ki, mütləq "Təhsil haqqında" Qanunda dəyişiklik edilməlidir. Azərbaycanın Boloniya prosesinə qoşulmasından keçən 21 ildən sonra nəhayət ki, bu keçid tamamlanması elmimizin sovet modelindən tam qopub qlobal elm ailəsinə inteqrasiyası üçün nə gətirib çıxara biləcək".
Aytəkin TOFİQQIZI