Sovet imperiyasının çöküş günü

19.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

O avqust səhəri – 1991-ci ilin 19 avqustu yaşlı nəslin yaddaşında ağlı-qaralı bir gün kimi qalıb. O səhər hava limanında idik. İki balaca qızımın əlindən bərk-bərk tutmuşdum. Odessaya gedirdik. İstirahətə. Qara dənizi görməyə, bir neçə həftəlik gündəlik qayğılardan uzaqlaşmağa… Adamın fikri belə vaxtlarda siyasətdə olmur. Düşünürsən ki, təyyarə vaxtında qalxacaqmı, uşaqlar yol yorğunluğuna necə dözəcək, dəniz necə olacaq, hava necə keçəcək…

Amma həmin səhər hava limanı nəsə başqa durumda idi. Hərbi geyimli adamlar ora-bura tələsir, üzlərdə anlaşılmaz bir gərginlik görünürdü. Reysimiz ləngiyirdi. Soruşurduq, doğru-dürüst heç nə demirdilər. Heç kim nə baş verdiyini bilmirdi, bilənlər də danışmırdı.

İndi üstündən 35 il keçəndən sonra düşünürəm ki, biz həmin səhər təkcə bir təyyarənin gecikməsini gözləmirmişik. Bəlkə də fərqində olmadan böyük bir dövlətin son günlərinin astanasında dayanmışdıq.

18-dən 19 avqusta keçən gecə Moskvada hakimiyyəti ələ keçirmək cəhdi başlanmışdı. Sonradan tarixə 1991-ci ilin Avqust putçu kimi düşəcək hadisə…

SSRİ Prezidenti Mixail Qorbaçov həmin vaxt Krımda, Forosdakı iqamətgahında idi. Onun xarici aləmlə əlaqəsi kəsilmiş, faktiki olaraq ev dustaqlığına alınmışdı. Avqustun 19-da isə sovet insanlarına Qorbaçovun guya səhhəti ilə əlaqədar prezident vəzifəsini icra edə bilmədiyi bildirildi. Hakimiyyət Dövlət Fövqəladə Vəziyyət Komitəsinin əlinə keçmişdi. Moskvaya tanklar yeridilmişdi. Televiziyalarda qəribə bir sükut və köhnə dünyanın tanış sərtliyi vardı.

Ölkə nə baş verdiyini anlamağa çalışırdı. Biz isə hava limanında dayanıb Odessaya uçacağımızı gözləyirdik. İki balaca qızım yanımda idi. Onların dünyasında nə Qorbaçov vardı, nə Yanayev, nə fövqəladə vəziyyət komitəsi, nə də Moskvaya girən tanklar. Onlar yəqin ki, Qara dənizi düşünürdülər. Mən də onların əlindən bərk-bərk yapışmışdım.

İnsan qəribə məxluqdur. Tarixin içində yaşayanda çox vaxt bunun tarix olduğunu anlamır. Sonralar televizorda Boris Yeltsinin tankın üstünə qalxmasını gördük. Sonralar o kadr Avqust putçunun ən yaddaqalan görüntülərindən birinə çevrildi. Yeltsin Rusiya parlamentinin - Ağ evin qarşısındakı tanklardan birinin üstünə çıxaraq əlindəki müraciəti oxuyurdu. Baş verənləri Konstitusiyaya zidd çevriliş adlandırır, Dövlət Fövqəladə Vəziyyət Komitəsinin qərarlarını qanunsuz sayır, Qorbaçovun prezident səlahiyyətlərinin bərpasını tələb edirdi. Hərbçiləri çevrilişçilərin əmrlərinə tabe olmamağa, insanları isə müqavimət göstərməyə çağırırdı. Tarixin qəribə ironiyası idi: hakimiyyəti qorumaq üçün Moskva küçələrinə çıxarılan tanklardan biri həmin hakimiyyətə qarşı müqavimətin tribunasına çevrilmişdi.

Moskvada Ağ evin ətrafına toplaşan insanları, küçələrdəki tankları, çaşqın əsgərləri gördük. Cəmi üç gün davam edən putç dağıldı. Qorbaçov Moskvaya qayıtdı. Amma artıq heç nə əvvəlki kimi deyildi. Putç uğursuz olmuşdu, əvəzində Sovet İttifaqının süqutu sürətlənmişdi. Bir neçə ay sonra xəritədə ömrümüz boyu görməyə alışdığımız SSRİ adlı dövlət olmayacaqdı.

O vaxt bunların heç birini bilmirdik. Hava limanında sadəcə reysimizin niyə gecikdiyini anlamağa çalışırdıq. Bəlkə də həmin günün yaddaşımda bu qədər aydın qalmasının səbəbi elə budur. Bir tərəfdə iki balaca qız, yay tətili, Odessa, Qara dəniz arzusu… O biri tərəfdə hərbi geyimlilər, müəmmalı gecikmə, narahat baxışlar və dağılmaqda olan nəhəng bir imperiya. İki ayrı dünya bir hava limanında qarşılaşmışdı.

Sonralar həyatımızda çox hadisə oldu. Dövlət dəyişdi, pullar dəyişdi, sərhədlər dəyişdi, pasportlar dəyişdi. Bir vaxt “əbədi” bildiyimiz ölkə tarix kitablarının səhifəsinə çevrildi. Biz isə böyüdük, uşaqlar böyüdü, o günlər uzaqda qaldı.

Amma 19 avqust gələndə mənim yadıma əvvəlcə Moskvanın küçələrindəki tanklar düşmür. Hava limanı düşür. Gecikən reys düşür. Ora-bura qaçan hərbi geyimlilər düşür. Bir də əllərindən bərk-bərk yapışdığım iki balaca qızım düşür. Biz Qara dənizə gedirdik. Tarix isə tamam başqa istiqamətə gedirdi.

Hamlet ZEYNALOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью