Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Mərdlik bu binanın təməl daşı, kamillik isə həmin bünövrə üzərində ucalan əzəmətli saraydır
Hər dövrün öz əxlaqı, hər zamanın öz hökmü olur, lakin elə təməl dəyərlər var ki, zamanın küləyi onları sarsıtsa da, insanı insan edən məhz həmin sarsılmaz sütunlardır.
Süfrənin müqəddəsliyi, kəlmənin ağızdan çıxıb namusa, şərəfə çevrildiyi, hər sözün bir ömür qədər ağır gəldiyi ulu günlərdən yadigar qalan müqəddəs bir mirasdır. Bir vaxtlar söz bir dəfə deyilər, o dəmir iradə ilə yerinə yetirilərdi. "Bu süfrədə danışılan, bu süfrədə qalar" kəlamı sadəcə adi bir xəbərdarlıq deyil, mərdliyin, sədaqətin və insani kamilliyin qanla möhürlənmiş, yazılmamış qanunu idi. Şərəfini canından əziz bilən insan o sözün altında əyilməz, o əhdə xəyanət edib keçməzdi.
İndi haradadır o sözə canı qədər sadiq olanlar? Haradadır damarlarında o qədim qanı, o alicənab kökü daşıyan şəxsiyyətlər? Dünən bir kəlməsi ilə dağları yerindən tərpədən ulu babaların varisləri, bu gün səbəbsiz yerdə verilən bir sözün belə yükünü daşımaqda acizdirlər. Biz tənəzzül etdik, çünki bizi ucaldan, uca tutan təməlləri öz əlimizlə laxlatdıq. Bəs bizi əslində biz edən nə idi — kamilliyimiz, yoxsa mərdliyimiz?
Mərdlik bu binanın təməl daşı, kamillik isə həmin bünövrə üzərində ucalan əzəmətli saraydır. Mərdlik insana dar gündə dayaq durmağı, haqqı hayqırmağı, sözünün arxasında qaya kimi durmağı öyrədirdisə, kamillik o sözün nə vaxt, harda və necə deyilməli olduğunu dərk etdirən ali hikmət idi. Əslində sözə sadiqlik ilə əmələ sadiqlik eyni ilahi mahiyyətin iki fərqli təzahürüdür. Lakin sözə sadiqlik hər şeydən uca, hər şeydən alidir. Çünki əməl sadəcə fiziki bir hərəkətdir, söz isə ruhun, vicdanın və şərəfin bəyanıdır. Sözünə sadiq olan insan zatən əməlinə xəyanət edə bilməz.
Söz - insanın ruhunun aynasıdır. Ağızdan çıxan hər bir kəlməyə sədaqət göstərmək, insan oğlunun çata biləcəyi ən yüksək mənəvi zirvələrdəndir.
Gəlin rəfdə toz basmış kitablarda və ya yaddaşımızın dərinliklərində dumanlanan o təmiz, ləkəsiz günlərə qayıdaq. O unudulmaz günlərə ki, orada dostluq heç vaxt bazarlıq deyil, ali fədakarlıq idi; verilən söz isə hər hansı bir sənətdən, dövlət imzasından qat-qat keçərli və toxunulmaz idi...
Unutmayaq ki, hər dəfə sözümüzə xəyanət etdiyimizdə, ruhumuzun uca divarından bir daş da əskilir və biz öz əlimizlə öz şərəf sarayımızı uçururuq.
Tural İbrahim - Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin , Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.