Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bununla belə, ixtisar edilən işçilərə sözügedən Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödənişlər) sonuncu iş günü ödənilməsi tələbi olduğuna baxmayaraq, qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işçiyə ödənilməli əməkhaqqı hissə-hissə 2–3 həftə sonra ödənilmişdir. Lakin 35 gün keçməsinə baxmayaraq, Komitə tərəfindən ixtisar edilən işçilərə nə işdənçıxarılma müavinəti, nə də xəbərdarlıq müddəti əvəzinə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödəniş verilməmişdir. Göstərilən ödənişlərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsait isə aparılmış ixtisarlardan sonra Komitə tərəfindən dövlət büdcəsinə geri qaytarıldığı öyrənilmişdir.
Vüsal İsmayılovun bildirdiyinə görə, məsələ və işdən çıxarılma prosesində yol verilmiş digər qanun pozuntuları ilə bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət etmişdir.
İşdən çıxarılma müavinəti və digər ödənişlərin gecikdirilməsi əmək qanunvericiliyinin tələblərinə nə dərəcədə uyğundur?
İxtisar olunan işçilərə ödənişlərin gecikdirilməsi əmək qanunvericiliyi ilə necə tənzimlənir?Yaranan suallarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: "Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilən işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, əməkhaqqı və digər ödənişlər) sonuncu iş günü ödənilməlidir. Həmçinin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona çatacaq bütün ödənişlər tam məbləğdə həmin gün verilməlidir.
Vətəndaş İsmayılov Vüsal Novruz oğlunun əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciət qeydiyyata alınıb və hazırda araşdırılır. Bununla əlaqədar vətəndaş izahat vermək üçün dəvət olunub, şikayət edilən müəssisəyə isə müvafiq sənədlərin təqdim edilməsi üçün sorğu göndərilib".
Günel Həsənova, Bizimyol.info