Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 5 iyun, AZƏRTAC Bu gün su təsərrüfatı və meliorasiya işçiləri üçün əlamətdar gündür.
Hər il bu günü onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.
Bu münasibətlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Regional Su Meliorasiya Xidmətinin kollektivləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq Zərfə Əliyevanın məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.AZƏRTAC xəbər verir ki, peşə bayramı ilə əlaqədar olaraq Regional Su Meliorasiya Xidmətində “Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı” mövzusunda elmi-praktiki konfrans keçirilib.İlk öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransı ADSEA sədrinin müavini İlqar Gülməmmədov açaraq kollektivi təbrik edib, görülən işlərdən və qarşıda duran tədbirlərdən danışıb.
Daha sonra məruzə ilə çıxış edən Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev bildirib ki, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanun imzalanıb.
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiyanın respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkənin su və ərzaq təhlükəsizliyinin təminatındakı rolunu nəzərə alaraq 2007-ci il mayın 24-də imzaladığı Sərəncamla 5 iyun - “Meliorator günü” peşə bayramını təsis edib.
“Dövlətimizin başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli Sərəncam imzalayıb.
Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanıb, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirib.
Hazırda dünyada baş verən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar XXI əsrdə su ehtiyatlarının səmərəli istifadəsinə və mühafizəsinə olan maraq artıb və su ilə bağlı yaranmış problemlərin həlli bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən birinə çevrilib.