Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı ilə əlaqədar elmi praktiki konfrans keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 iyun, AZƏRTAC
Bu gün su təsərrüfatı və meliorasiya işçiləri üçün əlamətdar gündür. Hər il bu günü onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Regional Su Meliorasiya Xidmətinin kollektivləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq Zərfə Əliyevanın məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, peşə bayramı ilə əlaqədar olaraq Regional Su Meliorasiya Xidmətində “Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
İlk öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı ADSEA sədrinin müavini İlqar Gülməmmədov açaraq kollektivi təbrik edib, görülən işlərdən və qarşıda duran tədbirlərdən danışıb.
Daha sonra məruzə ilə çıxış edən Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev bildirib ki, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanun imzalanıb. Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiyanın respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkənin su və ərzaq təhlükəsizliyinin təminatındakı rolunu nəzərə alaraq 2007-ci il mayın 24-də imzaladığı Sərəncamla 5 iyun - “Meliorator günü” peşə bayramını təsis edib.
“Dövlətimizin başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli Sərəncam imzalayıb. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanıb, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirib. Hazırda dünyada baş verən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar XXI əsrdə su ehtiyatlarının səmərəli istifadəsinə və mühafizəsinə olan maraq artıb və su ilə bağlı yaranmış problemlərin həlli bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən birinə çevrilib. Əhalinin sürətli artımı, iqtisadiyyatın inkişafı ilə əlaqədar ətraf mühitdə çox böyük dəyişikliklər baş verir, su ehtiyatları həm kəmiyyət, həm də keyfiyyət cəhətdən ciddi neqativ təsirlərə məruz qalır. Beynəlxalq təşkilatların məlumatlarına əsasən, bu gün dünyada 2 milyard nəfərdən artıq insan su çatışmazlığından əziyyət çəkir”, - deyə Zakir Quliyev vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz Su Anbarı Araz Su Elektrik Stansiyası ilə birlikdə, Azərbaycan və İran ərazisində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil, Yuxarı Mil və Yeni Xanqızı kanalları, Naxçıvan MR-də Arpaçay nasos stansiyaları, Sərsəng su anbarı, Suqovuşan su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda Yuxarı Xanbulançay su anbarı və bir sıra digər obyektlər tikilib istismara verilib.
Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük Bakının kanalizasiya layihəsi” Ulu Öndərin birbaşa nəzarəti altında reallaşdırılıb, Hövsan Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli və tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunmaqla xalqımızın Qarabağ həsrətinə son qoyulub, ölkədə təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib.
Ölkəmizin şimal bölgəsinin, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron yarımadasının digər yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı su təsərrüfatı kompleksi olan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi işləri müvəffəqiyyətlə başa çatdırılıb. Bu sistemin istifadəyə verilməsi ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb və 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunub, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatını daha da yaxşılaşdırıb.
Ulu Öndərin “Bakıya bol-bol su gətirəcəyik” ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış edib və 2007-ci ilin mart ayında dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu il dekabrın 28-də istismara verilib. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olunub. 2011-ci ilin sentyabrında Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyulub. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verilib. Məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verməkdədir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğularının tikintisi, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər başa çatdırılıb.
Azərbaycanın gələcək inkişafında çox vacib rolu olan bir sıra iritutumlu su anbarları, müasir tələblərə cavab verən yeni suvarma kanalları, digər su və meliorasiya obyektləri tikilib istifadəyə verilib.
Ölkədə su təhlükəsizliyinin təmin edilməsi və qlobal iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020- 2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan Əlicançay və Yengicə su anbarlarının tikintisinə başlanılıb, digərlərinin tikintisi üzrə Texniki-iqtisadi əsaslandırma (TİƏ) və layihə sənədləri hazırlanır. Bununla yanaşı, hidroqovşaq, suvarma kanalları və kollektorların TİƏ və layihə sənədləri hazırlanaraq yenidənqurma işlərinə başlanılıb.
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir. Bu ərazilərdəki mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün su təsərrüfatı və meliorasiya obyektlərinin təmir-bərpası və inkişafı üzrə TİƏ və layihə sənədlərinin hazırlanması işləri davam edir.
Son 20 ildə paytaxt və bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19,1 kubmetr olan 45 yeni su mənbəyi yaradılıb, Oğuz-Qəbələ-Bakı, Ceyranbatan, Şəmkirçay sutəmizləyici qurğuları, Külüllü mənbələri kimi böyük infrastruktur layihələri həyata keçirilib, 54 şəhər və rayon mərkəzində içməli və tullantı su infrastrukturlarının yenidənqurulması işləri icra edilib, 32 şəhərdə şəbəkələrin tikintisi işləri tam yekunlaşdırılıb. Yaradılmış infrastruktur hesabına içməli su ilə təmin olunan əhalinin sayı 2003-cü ilə nisbətən 2 milyon 700 min nəfərdən 8 milyon nəfərə, o cümlədən fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 26 faizdən 78 faizə, Bakı şəhərində 29 faizdən 80 faizə qədər yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə işlər əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də uğurla davam etdirilib.
Ümumilikdə 43 min 314 hektar torpaq sahəsinin su təminatının, 800 hektar torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması və 1322 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədi ilə tikintisi aparılan obyektlərdə 82 min 886 pm uzunluğunda suvarma boru kəmərləri çəkilib, 141 min 469 pm uzunluğunda suvarma kanalları və 110 min 534 pm uzunluğunda kollektor-drenaj şəbəkəsi qurğularla birlikdə tikilib, yenidən qurulub və bərpa olunub, 373 ədəd subartezian quyularının qazılması üçün layihə sənədlərinin hazırlanması və ekspertizadan keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüş və 68 ədəd quyuda qazma işləri tamamlanıb. Eyni zamanda, sel və daşqın sularından mühafizə məqsədi ilə respublikanın sel və daşqın təhlükəli çaylarında sahilbərkitmə işlərinin layihə-smeta sənədləri hazırlanıb, 6803,4 pm uzunluğunda sahil-mühafizə tədbirləri aparılıb, Masallı və Cəlilabad rayonlarında yerləşən sututarların təmir-bərpası və Şirvan suvarma kanalının dükerində yaranmış qəza vəziyyətinin aradan qaldırılması üzrə layihə işləri yerinə yetirilib.
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı həyata keçirilən layihələrin maliyyələşdirilməsi xərcləri hesabına Baş Muğan, Aşağı Muğan, Sabir, Akuşa, Yeni Cənub Muğan kanalları sisteminin, Rəsularx, Köhnə Xanqızı və P-O, Qızlıq kanallarının, Mil-Qarabağ kollektorunun yenidən qurulmasının, Əyriçay su anbarının tikintisinin tamamlanması işlərinin texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması üzrə işlər davam etdirilib. Qızılarx kanalının 28 min 880 pm, Boztəpə kanalının 38 min 830 pm hissəsinə dəmir-beton üzlük çəkilərək qurğularla birlikdə yenidən qurulub və R-15 kanalının 9040 pm hissəsinə dəmir-beton üzlük çəkilib. Türyançay Sağ Sahil və Sol Sahil kanallarının yenidən qurulması üzrə tikinti hazırlıq işlərinə başlanılıb.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarında və 5,2 kilometr magistral kanalda, Ağdam rayonu ərazisində yerləşən sututumu 23 milyon kubmetr olan Xaçınçay su anbarında və 7 kilometr magistral kanalda tikinti işləri başa çatdırılıb və müvafiq olaraq Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Suqovuşan su anbarının, dekabrın 23-də isə Xaçınçay su anbarının açılış mərasimlərində iştirak edib.
Eləcə də Füzuli rayonu ərazisində yerləşən ümumi sututumu 15,5 milyon kubmetr olan Köndələnçay çayı üzərində 3 ədəd su anbarlarında təmir-bərpa işləri tamamlanın və Prezident İlham Əliyev 2024-cü ilin mayın 9-da Füzuli rayonunda anbarların təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Uzunluğu 20,2 kilometr, sərfi 20 kubmetr/san olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması üzrə kanalın 20,17 kilometr hissəsinin betonla üzlənməsi işləri aparılıb, 1066 pm uzunluğunda selötürən kanal tikilib və kanalın üzərində SKADA sisteminin quraşdırılması işləri tamamlanıb. Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, eləcə də Qız qalası su anbarından uzunluğu 56 kilometr, sərfi 65 kubmetr/san olan magistral kanalın, Laçın rayonu ərazisində yerləşən sututumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən sututumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması üzrə işlər aparılıb. Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində sututumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin layihələndirilməsi və tikintisi üzrə su anbarının subasar zonasına düşən Zəngilan-Laçın yolunun tikintisində qaya qruntu partladılaraq qazma və tökmə işləri aparılıb və daşqın sutullayıcısının tikilməsi üçün işlər yerinə yetirilib. Anbarın dib suburaxıcısının tikintisi üçün torpaq qazma işləri aparılıb və magistral boru xəttinin 51,6 kilometr hissəsinin çəkilməsi üçün işlər yerinə yetirilib.
Eyni zamanda, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları üzrə su təsərrüfatı və meliorasiya kompleksinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və həmin rayonlar üzrə texniki-əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üçün texniki tapşırıqların layihəsi hazırlanıb. İşçi qrupun üzvləri ilə razılaşdırılmış texniki tapşırıqlara uyğun olaraq, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün layihə şirkətlərinin seçimi üzrə açıq tender keçirilərək qalib layihəçi şirkətlərlə müqavilələr imzalanıb. Hazırda layihə işləri davam etdirilir. Eyni zamanda, Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatının (117,3 hektar) suvarma suyu ilə təminatı məqsədi ilə layihə sənədlərinin hazırlanması üçün tender keçirilərək layihə işləri başa çatdırılıb.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə ötən ilin kəskin quraqlıq və su qıtlığı şəraitində əhalinin içməli və kommunal - məişət su təchizatının, əkin sahələrinin su təminatının, elektrik enerjisi istehsalının təmin edilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb, su anbarları və magistral kanallar üzrə operativ qaydada iş rejimləri hazırlanaraq suyun düzgün paylanılması, sudan səmərəli və qənaətlə istifadə olunması təmin edilib.
Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə respublika üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiqlənib. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılıb, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə mütəxəssislər ayrı-ayrı obyektlərə təhkim edilib, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin, agentliyin rəhbərliyinin və struktur vahidlərinin işçilərinin, eyni zamanda, aidiyyəti qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə kənd təsərrüfatı bitkilərinin su təminatının vəziyyəti, yaranan çətinliklər və onların aradan qaldırılması ilə bağlı videoformatda müşavirələr keçirilib, müvafiq tədbirlər müəyyənləşdirilib.
Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində (39,2 milyon kubmetr suvarma, 13,2 milyon kubmetr kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 kilometr hissəsi beton üzlüyə alınıb, 2959 hidrotexniki qurğu, 6385 subartezian quyusu, 291 nasos stansiyası əsaslı və cari təmir edilib.
Çay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 946 kubmetr şax-daş və faşin, 1,1 min kubmetr qabion, 16,5 min kubmetr həcmində daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.
Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 465 min hektar sahədə (bundan 16 min 472 hektar təkrar əkin) orta hesabla 3,4 dəfə suvarılıb, o cümlədən dənli bitkilər 559 min 596 hektarda 2,4 dəfə, pambıq 94 min 759 hektarda 3,6 dəfə, tütün 2652 hektarda 4,5 dəfə, yem bitkiləri 422 min 950 hektarda 3,5 dəfə, bostan-tərəvəz bitkiləri 67 min 578 hektarda 6,2 dəfə, çoxillik əkmələr 155 min 203 hektarda 3,9 dəfə və həyətyanı sahələr 146255 hektarda 5,4 dəfə suvarılıb. Oktyabr ayından başlayaraq 2024-cü ilin məhsulu üçün əkilmiş taxıl sahələri arat və səpindən sonra suvarma suyu ilə təmin olunub, sözügedən əkinlər 481 min 725 hektarda 0,8 dəfə suvarılıb.
Bütün suvarma mənbələrindən 9,85 milyard kubmetr su götürülüb və su istifadəçilərinə 7,23 milyard kubmetr su verilib.
Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir.
Hazırda qarşıya qoyulmuş vəzifələrin icrası olaraq agentlik tərəfindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə, kənd təsərrüfatı bitkilərinin suvarılması işləri davam etdirilir.
Ümumilikdə hesabat dövründə yenidən qurulması və tikintisi aparılan obyektlərdə 3618 pm uzunluğunda suvarma boru kəməri çəkilib, 14 min 52 pm uzunluğunda suvarma kanalları və 112 min 690 pm uzunluğunda kollektor-drenaj şəbəkəsi qurğularla birlikdə yenidən qurulub və tikilib.
Eyni zamanda, Araz çayı boyunca sərhəd infrastrukturunun və ərazilərin sel sularından mühafizəsi tədbirlərinin və Sabirabad rayonunda yerləşən qış otlaqlarının Kür çayı üzərində əlavə nasos stansiyasının quraşdırılmasının layihə sənədlərinin hazırlanması işləri tamamlanıb. Eləcə də Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulmasının və Yengicə su anbarının magistral və paylayıcı kanallarının tikintisi üzrə layihə sənədlərinin hazırlanması işləri aparılıb.
Xocalı və Cəbrayıl şəhərlərinin, Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin bağ massivlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su anbarının, magistral və paylayıcı kəmərlərin tikintisi, nasos stansiyasının yenidən qurulması, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilərində tullantı sularının Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsi məqsədilə kollektorun tikintisi işlərinə başlanılıb. Bakı şəhərinin 8 Noyabr prospektində içməli və tullantı su infrastrukturlarının yenidən qurulması, Xəzərin buxtasına axıdılan tullantı suların qarşısının alınması tədbirləri icra olunur.
Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli şəhərlərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin yaradılması layihələrinin icrasına başlanılması, Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli su ilə təminatı məqsədilə məhsuldarlığı 8000 m³/gün olan su təmizləyici qurğunun istismara verilməsi nəzərdə tutulur.
Böyük fəxarət hissi ilə qeyd etməliyik ki, ölkəmizin qazandığı hər bir uğurun əsasında məhz Ulu Öndərin ideyaları, vaxtı ilə onun müəyyən etdiyi strateji təməllər dayanır.
Məruzə ətrafında Regional Su Meliorasiya Xidmətinin əməkdaşları - Qulu Kərimov, Elçin Rüstəmov, Samir Əlifov çıxış edərək həyata keçirilən tədbirlərdən və perspektivdəki işlərdən danışıblar.
Sonra işində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.


