Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Əbu-Dabidə Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesində keyfiyyətcə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Bu, artıq “vasitəçilərin diktə etdiyi gündəm” yox, Azərbaycanın formalaşdırdığı regional reallıqlar üzərində qurulan ikitərəfli dialoq mərhələsidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Əbu-Dabidə Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən danışarkən bildirdi.
O vurğuladı ki, Azərbaycan 2020-ci ildən sonra yaratdığı siyasi-hərbi status-kvonu diplomatik müstəvidə də institusionallaşdırır:
"Əbu-Dabi görüşü göstərdi ki, Bakı yalnız qalib tərəf kimi deyil, eyni zamanda regionda sabitliyin əsas memarı kimi çıxış edir. Sülh təşəbbüslərinin müəllifi və aparıcı tərəfi məhz Azərbaycandır. Ermənistan isə faktiki olaraq bu gündəmə uyğunlaşmaq məcburiyyətində qalıb. Görüşün əsas məqamı ondan ibarətdir ki, tərəflər artıq ümumi şüarlar yox, konkret istiqamətlər üzrə danışırlar: sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və etimad quruculuğu mexanizmləri. Bu isə normallaşmanın praktiki fazaya keçdiyini göstərir".
Müsahibimiz əlavə etdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir və prinsipialdır:
"Sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması, Ermənistan Konstitusiyasındakı revanşist müddəaların aradan qaldırılması və regionda xarici hərbi-siyasi təsirlərin minimuma endirilməsi fonunda mümkündür. Prezident İlham Əliyev bu xətti ardıcıl və sistemli şəkildə aparır və nəticədə Ermənistan artıq manevr imkanlarını itirib və reallıqla barışmağa məcbur olub. Belə yüksək səviyyəli birbaşa təmasların davamlılığı real sülh sazişinə aparan prosesi sürətləndirə bilər".
Siyasi şərhçinin fikrincə, əsas məsələ görüşlərin sayı deyil, Ermənistanın öhdəlikləri yerinə yetirmə qabiliyyətidir.
"Azərbaycan artıq öz üzərinə düşəni edib: həm hərbi, həm diplomatik, həm də siyasi platformada regional sabitliyin əsas dayağına çevrilib.
Əbu-Dabi görüşü onu göstərir ki, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası məhz Bakının strateji baxışı əsasında formalaşır. Bu prosesdə Azərbaycan passiv iştirakçı deyil, oyun qurucudur. Ermənistan isə gec də olsa anlayır ki, Azərbaycanın diktə etdiyi sülh gündəmindən kənarda qalmaq onun üçün yalnız daha dərin təcrid deməkdir", - deyə Tural İsmayılov yekunlaşdırdı.
Xədicə BAXIŞLI