Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bazarda satılan süd məhsullarında etiketləmə məsələsini dəfələrlə gündəmə gətirmişik. Bazarlarda, piştaxtalarda, metro çıxışlarında, eləcə də həftəsonları təşkil olunan yarmarkalarda etiketsiz süd və süd məhsullarının satışı ilə bağlı dəfələrlə narahatlığımızı ifadə etmişik. AQTA-nın atdığı addım gecikmiş olsa da, zəruri qərardır. Əslində bu, daha əvvəl həyata keçirilməli idi. Çünki hər bir istehlakçının aldığı məhsulun tərkibi, istehsalçısı, istehsal tarixi, son istifadə müddəti və qablaşdırılma tarixi barədə məlumat almaq hüququ var. Bütün bu məlumatlar məhsulun markalanmasında öz əksini tapmalıdır. Məsələnin ən vacib tərəfi də məhz budur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ağartı məhsullarının mərhələli şəkildə etiketlənməsinə başlamasından danışarkən səsləndirdi.
"Əslində markalanmanın, yəni etiketlərin hazırlanması və çapı məhsulun ümumi maya dəyərində çox cüzi paya malikdir. Buna görə də qısa müddətdə yalnız markalanmanı əsas gətirərək süd və süd məhsullarının qiymətini artırmaq süni qiymət artımı kimi qiymətləndirilə bilər. AQTA sahibkarlar və istehsalçılar üçün də şəffaf və əlçatan mexanizm yaratmalıdır. Qanuni fəaliyyət göstərən hər bir istehsalçı markalanma prosesindən rahat şəkildə yararlana bilməli, bu istiqamətdə heç bir problemlə üzləşməməlidir".
Müsahibimizin sözlərinə görə, problemlə üzləşən istehsalçıların sayı artsa bazarda müəyyən məhsullar üzrə qıtlıq yarana və qiymət artımı baş verə bilər:
"İstehsalçılar üçün bu proses əslində ciddi itki yaratmır. Sadəcə olaraq markalanmamış məhsulların bazardan çıxarılması nəzərdə tutulur. Bu gün də insanların böyük hissəsi həyət təsərrüfatında istehsal olunan məhsullara etibar edir. Bir çox ailələrdə 2-3 baş iribuynuzlu heyvan saxlanılır, həmin süd, qatıq və digər süd məhsulları satışa çıxarılır. Bu həm istehsalçı ailələrin gündəlik gəlir əldə etməsinə kömək edir, həm də istehlakçılar etibar etdikləri insanlardan məhsul almağa davam edirlər. Bu ənənə bundan sonra da davam edəcək. Lakin yaxşı olardı ki, belə kiçik istehsalçılar üçün də uyğun şərait yaradılsın və onlar markalanma ilə bağlı problem yaşamasınlar. Əgər AQTA bunu yalnız pilot layihə kimi həyata keçirəcək və sonradan nəzarət mexanizmi zəifləyəcəksə, bu məsələ bir müddət gündəmdə qalacaq, daha sonra isə diqqətdən kənarda qalacaq. Belə olan halda nəzarət yalnız vaxtaşırı keçirilən reydlərlə məhdudlaşacaq. Buna görə də bu proses pilot layihə kimi deyil, istehsalın ayrılmaz hissəsi kimi tətbiq edilməlidir. Hər bir istehlakçı aldığı südün, qatığın, pendirin, şorun, qaymağın tərkibi, istehsalçısı, istehsal ünvanı və istehsal tarixi barədə tam məlumat əldə edə bilməlidir. Ən vacib məsələlərdən biri də odur ki, istifadə müddəti bitmiş süd və süd məhsullarının yenidən dövriyyəyə buraxılmasının qarşısı alınsın. Təəssüf ki, bəzi şəxslər üçün istehlakçını aldatmaq adi haldır və onlar tətbiq olunan cərimələrdən də çəkinmirlər. Burada artıq vicdan məsələsi ön plana çıxır. Belə insanlar qazancı insanların sağlamlığından üstün tuturlar. Bu baxımdan istehlakçı hüquqlarını pozan və insanların sağlamlığını təhlükəyə atan şəxslərə qarşı ciddi cərimələrin tətbiqi zəruridir və bu tədbirlər mütləq həyata keçirilməlidir", - deyə ekspert yekunlaşdırdı.
Xədicə BAXIŞLI