Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Sülh Şurasının yaradılması müasir beynəlxalq münasibətlər sistemində yeni bir tendensiyanın olduğunu ortaya qoyur. Son illər Birləşmiş Millətlər Təşkilatının (BMT) öz funksiyasını yerinə yetirmədiyini, dünyada sülhü və təhlükəsizliyi təmin edə bilmədiyini göstərən çoxlu amillər var. ABŞ Prezidenti Donald Tramp gizlətmir ki, şuranın uğurlu fəaliyyəti olarsa, BMT-ni əvəz də edə bilər. Düzdür, hələ BMT-nin potensialı olduğunu da bildirir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev Sülh Şurasının yaradılmasından və ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının BMT-ni əvəzləyə biləcəyinin mümkün olması haqda verdiyi açıqlamadan danışarkən bildirdi.
Millət vəkili vurğuladı ki, bu gün qarmaqarışıq dövrdə yaşayırıq:
"Beynəlxalq nizamın eroziyaya uğradığı, beynəlxalq hüququn ayaqlar altına atıldığı dövrdə yaşayırıq. Belə dövrdə BMT-nin funksiyasını yerinə yetirəcək bir qurumun yaradılması iddiasında super güc dövlət — Amerika kimi böyük dövlət çıxış edə bilər. Maraqlı vəziyyət odur ki, məhz Sülh Şurasının yaradılması BMT-nin noyabrda qəbul etdiyi qətnamə ilə təsdiq olunub. Çin və Rusiya veto hüququndan istifadə etməsələr də bitərəf qaldılar. Ümumi mənzərə budur ki, belə proses başlanılıb".
Onun sözlərinə görə, Sülh Şurası nə qədər uğurlu olacaq, bütün dünyanın tam dəstəyini qazanacaq — bunlar sonrakı məsələlərdir, amma ilkin addım atılıb:
"Sülh Şurasının yaranmasında əsas məqsəd Qəzzadakı vəziyyətin həlli və sülhün gətirilməsidir. Bir növ idarəetmə prosesini öz üzərinə götürən yeni quruculuq üçün yaradılan mexanizmdir. BMT-nin qətnaməsində bununla bağlı müddət var: 2027-ci ilə qədər bu mandat Sülh Şurasına verilib. Hətta Sülh Şurası Trampın BMT-si adlandırılır".
Aytəkin TOFİQQIZI