Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Azərbaycanın Sülh Şurasına dəvət olunması ilk növbədə hörmət əlamətidir. Eyni zamanda, bu, Azərbaycanın nüfuzunun bütün dünyada nümayişidir. Ölkəmiz artıq beynəlxalq miqyasda güclü dövlət kimi tanınıb”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanın Sülh Şurasına təsisçi üzv olaraq dəvət almasının əhəmiyyəti və bu çərçivədə mümkün töhfələri barədə danışarkən deyib.
Deputat hesab edir ki, bu dəvət, həmçinin Azərbaycanın humanitar missiyasına verilən qiymətdir: “Azərbaycan bir çox ölkələrə, xalqlara öz kömək əlini uzadıb, humanitar dəstək verib, bu, təbii olaraq dünyada yüksək qiymətləndirilir. Azərbaycan Sülh Şurasında iştirak edəcək. Ölkəmiz hər zaman sülh, humanizm tərkibində olan proseslərdə iştirak edir”.
Deputat deyib ki, Bakının Sülh Şurasında töhfəsi də ilk növbədə humanizmlə, insanlara dəstəklə bağlı olacaq: “Eyni zamanda, Azərbaycan sülhyaratma prosesində də fəaldır. Hazırda Cənubi Qafqazda sülh yaranıb, sülh güclənib və bu Azərbaycan dövlətinin mahiyyətidir”.
ABŞ və Azərbaycan liderlərinin məktub mübadilələrinə də toxunan A.Mollazadə bildirib ki, həmin məktublarda ən diqqət çəkən məqam məhz dövlət başçılarının şəxsi münasibətlərinin yüksək səviyyədə olmasıdır.
Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.
Pərvanə Sultanova