Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı mühüm mesajlar verib.
“Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxış edən dövlət başçısı regionda yaranmış yeni status-kvonu Ermənistanın Azərbaycana qarşı işğalının aradan qaldırılması və sülhə nail olunması kontekstində ətraflı təhlil edib.
“Ermənistanla sülh mövzusuna və ondan əvvəlki 30 illik münaqişə dövrünə qayıdaraq demək istərdim ki, ölkə və xalq olaraq biz çox ağır dövrlər yaşamışıq.
Ərazilərimizi itirmişik, bir milyon insan evsiz və məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin biz ümidimizi itirmədik.
Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etmək iradəmizi itirmədik. Bu, 30 ilimizi aldı.
Yəni 30 il əvvəl, 20 il əvvəl, 10 il əvvəl və indi beynəlxalq institutların davranışı dəyişmədi. Dəyişən biz olduq.
Biz problemlərimizi kimsənin gəlib bizim yerimizə həll edəcəyinə inanmağı dayandırdıq.