Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan xalqının müstəqillik, azadlıq və suverenlik uğrunda apardığı mübarizənin şanlı və eyni zamanda faciəli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Sumqayıt şəhərində anım mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, yanvarın 20-də Sumqayıt şəhər ictimaiyyəti şəhidlərin xatirəsini dərin ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.
Mərasimdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi böyük hörmət və ehtiramla anılıb.
Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bir dəqiqəlik sükut elan olunub.
Avtomobillərin hərəkəti dayandırılıb, şəhər ərazisində sükut hökm sürüb və Azərbaycan şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.