Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Süni intellektin sürətlə inkişafı IT sektorunda iş prinsiplərini və peşə tələblərini dəyişir. Artıq bu sahədə uğur qazanmaq üçün yalnız proqramlaşdırma biliklərinə sahib olmaq kifayət etmir. Davamlı öyrənmək, yeni texnologiyalara uyğunlaşmaq, analitik düşünmək və süni intellekt alətlərindən düzgün istifadə etmək də mühüm bacarıqlara çevrilir. Bəs dəyişən texnologiya dünyasında İT sahəsində karyera qurmaq və rəqabətdə önə çıxmaq üçün nələrə diqqət etmək lazımdır?
Rəqəmsal texnologiyalar və sosial media üzrə mütəxəssis İntiqam Əhmədov Banco.az-a açıqlamasında bildirib ki, hazırda IT sahəsində karyera qurmaq istəyənlər ilk növbədə özlərini süni intellektlə paralel inkişaf etdirməlidirlər:
"Çünki süni intellekt artıq bu sahənin gələcəyindən deyil, birbaşa bu günündən danışdığımız texnologiyadır. Xüsusilə proqramlaşdırma, kibertəhlükəsizlik, məlumatların analitikası, bulud texnologiyaları və süni intellekt sistemlərinin inkişafı istiqamətləri gələcəkdə daha böyük əhəmiyyət daşıyacaq.
Amma burada vacib bir məqam var: Düşünürəm ki, IT sahəsinə yeni başlayanlar yalnız hansı proqramlaşdırma dilini öyrənəcəklərinə fokuslanmamalıdırlar. Onlar ilk növbədə alqoritmik düşüncəni, problem həll etmə bacarığını, sistemlərin necə işlədiyini və texnologiyanın arxasında hansı məntiqin dayandığını öyrənməlidirlər.
Süni intellekt bu gün kod yaza, məlumatları təhlil edə və bir çox texniki işi avtomatlaşdıra bilir. Lakin onun təqdim etdiyi nəticəni yoxlamaq, düzgün qərar vermək, təhlükəsizlik risklərini qiymətləndirmək və real problemi müəyyənləşdirmək hələ də insanın bilik və təcrübəsindən asılıdır".
Mütəxəssisin fikrincə, gələcəyin uğurlu IT mütəxəssisi süni intellektlə rəqabət aparan deyil, ondan düzgün istifadə etməyi bacaran mütəxəssis olacaq: "Bununla yanaşı, ingilis dili, kommunikasiya, komanda işi və davamlı öyrənmək vərdişi də texniki biliklər qədər vacibdir.
Çünki texnologiyalar sürətlə dəyişir. Bu gün aktual olan bir alət bir neçə ildən sonra öz əhəmiyyətini itirə bilər. Amma analitik düşüncə, öyrənmək bacarığı və texnologiyanı anlamaq qabiliyyəti insanın bütün karyerası boyunca ona üstünlük qazandıracaq".
Bizi sosial şəbəkələrdən izləyin!!