Icma.az, Avtosfer saytına istinadən bildirir.
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərə təkcə pul cəriməsi deyil, eyni zamanda cərimə balı da tətbiq olunur. Bu mexanizm yol hərəkətində intizamın gücləndirilməsi, təhlükəli davranışların qarşısının alınması və qəzaların sayının azaldılması məqsədi daşıyır. Lakin praktiki tətbiq zamanı bəzi pozuntulara görə həm pul cəriməsi, həm də bal yazılması bəzən ictimai narazılıqlara səbəb olur. Qanunvericiliyə əsasən, cərimə balları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Məqsəd yol hərəkəti qaydalarını pozan sürücülərin davranışına nəzarəti gücləndirmək, təkrar pozuntuların qarşısını almaq və ümumi yol təhlükəsizliyini təmin etməkdir.
Mövcud qaydalara görə, bütün inzibati xətalara deyil, yalnız müəyyən edilmiş yol hərəkəti qaydalarının pozulmasına görə sürücüyə bal yazılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücünün üzərinə yazılan cərimə ballarının ümumi sayı 20-yə çatdıqda, onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılır. Bu halda sürücülük vəsiqəsi müvəqqəti olaraq alınır və sürücü bu müddət ərzində nəqliyyat vasitəsi idarə edə bilmir. Qanunla nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədən vəsiqə geri qaytarılmır. Bu mexanizm təhlükəli sürücülərin müvəqqəti olaraq yollardan kənarlaşdırılması kimi izah olunur.
Lakin praktiki tətbiq zamanı cərimə ballarının hansı pozuntulara görə verilməli olduğu suallar doğurur. Belə ki, daha çox texniki qayda pozuntusu hesab edilən hallara görə sürücülərə cərimə ilə yanaşı bal tətbiq edilməsi birmənalı qarşılanmır. Qanunvericilikdə cərimə balının verilmə məqsədi yüksək riskli və təhlükəli davranışların qarşısını almaq kimi izah edilsə də, az riskli və ya qısa müddətli pozuntulara görə də bal yazılması bu mexanizmin tətbiqi ilə bağlı əlavə izaha ehtiyac yaradır.
Maraqlıdır, cərimə balı tətbiq edilən pozuntuların seçimi hansı hüquqi və metodoloji əsaslarla müəyyənləşdirilib?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qanunvericiliyə əsasən, cərimə balı pozuntunun təhlükə səviyyəsinə uyğun müəyyən olunur. Onun sözlərinə görə, burada risk əsaslı yanaşma əsas götürülür:
"Cərimə balı ən çox qəza ehtimalını ciddi artıran, insan həyatı və sağlamlığı üçün yüksək risk yaradan, digər yol hərəkəti iştirakçılarına birbaşa təhlükə törədən xüsusiyyətlərə malik pozuntulara tətbiq olunur. Məsələn, sürət həddinin aşılması, qırmızı işıqda keçmə, sərxoş vəziyyətdə idarəetmə kimi xətalar təkcə inzibati qayda pozuntusu deyil, potensial olaraq ağır nəticələr doğuran davranışlardır”.
Açıqlamadan da göründüyü kimi, cərimə balı daha ciddi risk yaradan pozuntulara tətbiq edilməlidir. Bu baxımdan, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və ya kəsişmənin hərəkət hissəsinin kənarında 5 metrdən az məsafədə dayanması və ya durmasının hansı real təhlükə yaratdığı sual doğurur. Belə hallarda sürücüyə 40 manat cərimə ilə yanaşı 2 bal yazılması risk səviyyəsi ilə tətbiq olunan sanksiya arasında uyğunsuzluq olduğu barədə müzakirələri daha da aktuallaşdırır.
Oxunub 32