Icma.az bildirir, Modern.az portalına istinadən.
Tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı təşkil olunan davamlı hücumlar və çirkin qarayaxma kampaniyası göstərir ki, sözdə sülhü və dinc birgəyaşayışı təşviq edən bəzi ölkə və təşkilatların yeganə məqsədi bu cür çağırışlar altında öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etməkdir. İyunun 18-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ədalətsiz qərarı, iyunun 23-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Milli Assambleya üzvlərinə rəsmi cavabı, iyunun 24-də isə AŞPA-nın məlum qərəzli qətnaməsi Azərbaycana qarşı məqsədli və ardıcıl siyasi təzyiq planının tərkib hissəsidir.
Necə ola bilər ki, bir tərəfdən, guya ölkələrin ərazi bütövlüyü və suverenliyinə sadiq olduğunu bəyan edəsən, digər tərəfdən isə qərarlarında həmin bəyanatın ziddinə olaraq “Azərbaycan ilə “DQR” arasında təmas xətti” kimi qeyri-qanuni ifadəyə yol verəsən? Hansı arqumenti gətirmələrindən asılı olmayaraq, bu, beynəlxalq hüququn fundamental prinsipinə açıq-aşkar hörmətsizliyin nümayişi deməkdir. Həmin ölkə və təşkilatlardan hər hansı birinə desək ki, Marsel, Kaliforniya və ya Krasnodar “Ermənistan ilə bu ölkələr arasında “təmas xəttidir””, bunu həzm edərlərmi? Nəinki həzm etməzlər, dərhal təsir və təzyiq rıçaqlarından istifadə etməklə BMT Təhlükəsizlik Şurasının qərarına nail olarlar.
Elə buna görə də danılmaz həqiqətləri çəkinmədən dilə gətirməli və ictimailəşdirməliyik: islamofobiya və türkofobiya kimi saxta və uydurma iddialar geosiyasi və geoiqtisadi maraqların təmin olunması üçün siyasi anturajdır. Nə qədər xoş olmasa da, onu da unutmamalıyıq ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq və Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzlu beynəlxalq faktor kimi təşəkkül tapmasında oynadığı rol məlum bədxahlarımızın ürəyincə deyil. Ona görə də nə Zəngəzur dəhlizini, nə də TRIPP layihəsini həzm edə bilmirlər. Amma anlamırlar ki, Azərbaycanın, qardaş Türkiyənin və bütövlükdə Türk dövlətlərinin strateji maraqlarını nəzərə almadan, Avrasiya məkanında heç bir istəklərinə nail ola bilməzlər.
Böyük mütəfəkkirlərdən biri, Hegel deyirdi ki, “Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir”. Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıq və Avrasiya məkanında yerinə yetirdiyi strateji missiya həm tarixi gerçəklikdir, həm də bütün aktorların maraqlarına cavab verən reallıqdır. Onilliklər boyu qərəzli bəhanələr altında Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməməsi, yaxud Azərbaycanın ədalətli Qələbəsinin bəziləri tərəfindən həzm olunmaması, nəhayət, TDT-yə qısqanc münasibət bu gerçəkliyi dəyişdirə bilməz! Tarixdən qorxmaq yox, ona hörmət etmək və nəticə çıxarmaq lazımdır. Bu, fobiyalardan qurtulmağın yeganə və ən ədalətli yoludur.
Ülvi Quliyev,
Milli Məclisin deputatı