Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Neçə gündür ictimaiyyət arasında Şuşa dağlarına adların yazılması barədə müzakirələr gedir. Məsələyə münasibət birmənalı oldu. Qoca, cavan hər kəs birmənalı (və haqlı) olaraq bu addımı qınadı.
Çıxışlarda bir tendensiyanı da müşahidə etdik: Kənardan bu reaksiyalara baxana elə gəlir ki, bunu 20-25 yaşlı, həyatı başa düşməyən gənclər ediblər. Sanki, bu hadisə əvvəllər heç vaxt olmayıb. Lakin, keçmişə nəzər saldıqda oxşar hallar üzə çıxır.
Azərbaycanın məşhur kinojurnalı “Mozalan”da bu məsələ uzaq 70-ci illərdə işıqlandırılıb. Jurnalın 1973-cü ilə aid 11-ci nömrəsində (“Daş dözür” süjeti) Şamaxı Cümə məscidinin bərbad vəziyyətindən söz açılır. Süjetdə görünür ki, ölkənin ən qədim məscidi sahibsiz qalıb, divarlarına isə adlar qazınıb. Tarixi binanın divarları sovet üslubunda yarıyadək əhənglənib, fasada elektrik xətləri asılıb, tağlara isə uşaqlar yellənçək qurub (böyük ehtimalla bunu böyüklər ediblər). bura qədəri yerli əhalinin abidəyə münasibəti.
Aparıcı mətnində daş üzərindəki “qravürada” latın qrafikalı yazılar da olduğu vurğulanır. Həmin dövrdə Azərbaycan SSR-də kiril əlifbasının istifadə olduğunu nəzərə alsaq, deyə bilərik ki, bunu böyük ehtimalla Baltikyanı ölkələrdən gəlmiş turistlər ediblər. Həmin vaxtı hansısa əcnəbinin Azərbaycanda dağılmış məscidə baş çəkməsi mümkün deyildi.
“Mozalan”ın tarixi abidələrə, daşlara və ağaclara ad həkk edənlərə həsr edilmiş başqa bir süjeti bu cümlə ilə bitir: “adın daşlara yazılsın”. Təəssüf ki, videonu tapa bilmədik.
Bir sözlə, Azərbaycan SSR-də məscid divarlarını yazanların nəvələri bu gün Azərbaycan Respublikasında şəhid qanı bahasına qovuşduğumuz torpaqlarda vandallıqlar və nadanlıqlarını davam etdirirlər.
Əslində problem dünyanın hər yerində mövcuddur. Bir neçə il əvvəl türkiyəli tələbə İtaliyada tarixi divarı yazdığı üçün 20 min avro cərimələndikdən sonra ölkədən çıxışına icazə verilmişdi.
Vüqar