Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaxud Britaniya imperiyasının keçmiş müstəmləkəsi dünya liderinə necə çevrildi?
250 il əvvəl bundan əvvəl – 1776-cı il iyulun 4-də dünyanın siyasi xəritəsində yeni dövlət – Amerika Birləşmiş Ştatları yarandı. Həmin tarixdə ABŞ-ın İstiqlal Bəyannaməsi II Kontinental Konqres tərəfindən qəbul edilib.
Hazırda ABŞ-ın federal səviyyədə əsas milli bayramlarından olan 4 iyul ştatlarda Müstəqillik Günü kimi qeyd olunur. Bəyannamənin əsas müəllifi ABŞ-ın qurucu atalarından olan üçüncü prezidenti Tomas Cefferson olub və sənədlə Britaniyanın 13 müstəmləkə əyaləti (Nyu-Hempşir, Massaçusets, Rod-Aylend, Konnektikut, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Delaver, Merilend, Virciniya, Şimali Karolina, Cənubi Karolina və Corciya) Krallıqdan ayrılaraq müstəqil olduqlarını elan edib. Maraqlıdır ki, cəmi 250 ildən az əvvəl Britaniya imperiyasının müstəmləkəsi olmuş 13 koloniya müstəqillik qazanaraq və sonradan genişlənərək bu gün dünyanın siyasi və iqtisadi gündəmini müəyyən edən dövlətə çevrilib. Bəs bu fenomen, yaxud möcüzə necə baş verib? Cavab üçün Birləşmiş Ştatların tarixinə qısaca nəzər salmaq lazımdır.
***
XVIII əsrin ortalarında Britaniya imperiyası dünyanın ən güclü dövləti idi. O, Şərqdə Hindistandan Qərbdə Missisipi çayına qədər uzanan nəhəng ərazilərə nəzarət edirdi. Şimali Amerikadakı müstəmləkələr isə Londonun iqtisadi siyasətindən narazı idi. Kral III Corcun vergiləri bir ucdan artırması, lakin koloniyaların Britaniya parlamentində təmsil olunmaması “təmsilçilik olmadan vergi olmaz” prinsipini ön plana çıxardı. Məhz bu ziddiyyətlər 1775-ci ildə başlayan Amerika İnqilab müharibəsinə yol açdı. Müharibənin gedişində qəbul edilən İstiqlal Bəyannaməsi müstəmləkələrin Böyük Britaniyadan ayrıldığını rəsmən elan etdi. 1783-cü il tarixli Paris müqaviləsi ilə Böyük Britaniya ABŞ-ın müstəqilliyini tanıdı. Müstəqillikdən sonra ölkənin inkişafını sürətləndirən əsas amillərdən biri federal idarəetmə sistemi və 1787-ci ildə qəbul edilən Konstitusiya oldu. 1803-cü ildə nəhəng Luiziana ərazisinin Fransadan 15 milyon dollara alınması, Qərbə doğru davamlı genişlənmə, dəmir yollarının tikintisi və sürətli sənayeləşmə ABŞ iqtisadiyyatının əsasını formalaşdırdı. 1861-1865-ci illər Vətəndaş müharibəsi ölkənin bütövlüyünü qorudu, köləliyi ləğv etdi və vahid bazarın inkişafına şərait yaratdı.
1898-ci ildə İspaniya ilə müharibə ABŞ tarixində dönüş nöqtələrindən biri sayılır. Müharibənin nəticəsində Puerto-Riko, Quam və Filippin ABŞ-ın nəzarətinə keçdi, Kuba isə faktiki olaraq Vaşinqtonun təsir dairəsinə daxil oldu. Bununla ABŞ regional gücdən qlobal oyunçuya çevrilməyə başladı. Tarixçilər haqlı olaraq həmin tarixi “supergücün doğuluşu” ili adlandırırlar.
***
Birinci və İkinci dünya müharibələri Avropa dövlətlərini zəiflətdiyi halda, ABŞ bu müharibələrdən iqtisadi və sənaye baxımından daha güclü çıxdı. ABŞ təkcə geniş ərazisinə, hərbi qüdrətinə, dünyaya yayılmış hərbi bazalar və müttəfiqlər sisteminə görə güclü deyil. Baxmayaraq ki, bütün bunlar, şübhəsiz, mühüm amillərdir. Ştatlar həm də elmi nailiyyətlərinə görə dünyanın qalan hissəsini xeyli qabaqlayır ki, bu da onun texnoloji və iqtisadi liderliyini daha da möhkəmləndirir. Bu üstünlüyü göstərən əsas göstəricilərdən biri Nobel mükafatlarının təsis olunduğu 1901-ci ildən 2025-ci ilə qədər amerikalıların qazandığı mükafatların sayıdır. Nəticədə, dünya əhalisinin cəmi 4,2 faizini təşkil edən ABŞ vətəndaşları ümumilikdə, 428 Nobel mükafatı (425-i ayrı-ayrı laureata təqdim olunub) qazanıblar ki, bu da indiyədək verilmiş bütün Nobel mükafatlarının təxminən 34 faizini təşkil edir.
ABŞ dünyanın mədəniyyət, incəsənət və idman sahəsində də aparıcı dövlətidir. Hollivud dünya kino sənayesinin əsas mərkəzi hesab olunur. Caz, blüz, rok və hip-hop kimi musiqi janrları ABŞ-da formalaşaraq qlobal populyarlıq qazanıb. Ernest Heminquey, Uilyam Folkner, Mark Tven, Stiven Kinq, Cerom Devid Selincer, Toni Morrison kimi yazıçılar dünya ədəbiyyatına mühüm töhfələr veriblər.
Ölkənin qlobal təsirində silahlı qüvvələrin də mühüm payı var. ABŞ dünyanın ən böyük hərbi büdcəsinə malikdir. Ölkənin 2025-ci maliyyə ili üzrə hərbi (müdafiə) büdcəsi 895 milyard dollar həcmində təsdiqlənib.
Birləşmiş Ştatların tarixi göstərir ki, dövlətlərin gücü yalnız ərazinin böyüklüyünə və təbii sərvətlərinin çoxluğuna görə müəyyən edilmir. Hüquqi institutlar, iqtisadi azadlıqlar, elmə, təhsilə və texnologiyaya uzunmüddətli investisiyalar ölkənin inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdir. Britaniya imperiyasının 13 müstəmləkəsinin iki əsrdən bir qədər artıq müddətdə dünyanın superdövlətinə çevrilməsi bunun ən parlaq nümunələrindən biridir.
Səxavət HƏMİD
XQ