Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi Çin lideri Si Cinpinin sentyabrın son həftəsində ABŞ-a səfəri planlaşdırılıb. Hər ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambelyasının sessiyası keçirilir. Bu sessiyada müxtəlif dövlətlərin liderləri çıxış edərək, aktual mövzular barədə fikirlərini geniş auditoriyaya çatdırırlar.
Lakin politoloqlar qeyd edir ki, səfərin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası ilə eyni dövrə təsadüf etməsinə baxmayaraq, Si Cinpinin əsas məqsədi beynəlxalq tribunada çıxış etmək deyil, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birbaşa müzakirələr aparmaqdır.
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.
Politoloq qeyd edib ki, Si Cinpin üçün Tayvan məsələsi digər mövzulardan daha böyük əhəmiyyət daşıyır: “Si Cinpin ABŞ-da yalnız bu ölkənin Prezidenti Donald Trampla görüşəcək. Amerikada olmuşkən, onun BMT Baş Assambleyada çıxış etmək planı yoxdur.
Si Cinpin Ağ Evdə Trampla görüşdə süni intellekt, İran və Hörmüz boğazındakı vəziyyət və ən əsası Tayvanı müzakirə etmək istəyir. Sonuncu mövzu Si Cinpin üçün xüsusi əhəmiyyət daşıyır. Donald Tramp may ayında Çinə səfər etdikdə ABŞ Prezidenti Tayvan mövzusunun müzakirəsinə maraq göstərməmişdi. Halbuki, bu mövzu Si Cinpin üçün digər mövzuların fövqündə dayanır.
Cinpin hakimiyyətdə olduğu illərdə iki hədəfinə çatıb. Birincisi, Çin son illərdə iqtisadi gücünü artırıb. Çin süni intellekt və nadir torpaq elementlərinin istehsalında ABŞ-la rəqabət aparacaq gücdədir. İkincisi, Si Cinpin hakimiyyətdə olduğu illərdə Çinin hərbi gücünü də artırıb".
Politoloq bildirib ki, Pekin son illərdə həm nüvə arsenalını artırıb, həm də hərbi dəniz qüvvələri Sakit Okeanda əsas güclərdən birinə çevrilib: "Bu isə ABŞ ilə yanaşı, Çinə qonşu olan ölkələri, o cümlədən Yaponiyanı ciddi narahat edir. Çünki Çin hərbi dəniz qüvvələrini gücləndirməklə yanaşı, Sakit Okeanda və Yaponiyaya yaxın sularda hərbi təlimlərin sayını artırıb. Si Cinpinin üçüncü hədəfi Tayvanı Çinə birləşdirməkdir. Bu isə reallaması çətin məsələdir. Buna baxmayaraq, Si Cinpin hakimiyyətdə olduğu müddətdə bu hədəfinə də çatmağa çalışır. O son çıxışında Tayvanın yenidən Çinə qatıldıqdan sonra ölkənin tam inkişaf edəcəyini və bunun bütün Çin xalqına rifah gətirəcəyini bildirib".
Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Tayvanı Çin ərazisinin bir hissəsi kimi tanısa da, adanın güc yolu ilə Pekinin nəzarətinə keçməsinin əleyhinədir: "Əgər Çin Tayvana qoşun yeridərsə ABŞ buna müşahidəçi qalmayacaq. ABŞ Çini durdurmaq üçün müdaxilə etmək məcburiyyətində qalacaq. Bu səbəbdən ABŞ Tayvana müasir hərbi texnika satır. Tayvanın özü də son bir neçə ilə hərbi texnika istehsalını genişləndirib. Görünür, Tayvan Cinpinin ada barədəki açıqlamalarının boş sözlər olmadığını anlayır. Çin liderinin “möhkəm döyüş ruhu və müstəsna qabiliyyətlərimizlə, istər coşğun dənizlər, istərsə də şiddətli fırtınalar olsun, böyük çətinliklərlə fəal şəkildə mübarizə aparacağıq” cümləsi də bundan xəbər verir".
Elxan Şahinoğlu hesab edir ki, Si Cinpin müharibə ehtimalının Çin üçün yaradacaq risklərini də hesablamaq məcburiyyətindədir. Politoloqun fikrincə, müharibə Çinə qarşı yeni ittifaqlar formalaşdırmaqla yanaşı, iqtisadi inkişafına ciddi zərər vuracaq:
"“Milli suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə müdafiə etməli və bununla da sürətli iqtisadi inkişaf və uzunmüddətli sosial sabitliyin iki böyük möcüzəsində yeni bir fəsil yazmalıyıq” deyən Si Cinpin Tayvanla yanaşı, ölkəsinin müharibənin inkişafa vura biləcəyi zərəri də hesablamalıdır".