Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, dünən Gürcüstan hökumətinin 2028-ci ilə qədər ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yayımlanandan dərhal sonra paytaxt Tbilisidə kütləvi etirazlar başlayıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin məlum bəyanatından cəmi bir saat sonra Rustaveli prospektinə on minlərlə etirazçı toplaşıb.
Eyni zamanda, etirazların spontan xarakter daşıdığı və müxalif siyasi qüvvələrin təşkilat və idarəetmə bacarıqsızlığı xüsusi önə çəkilir.
Bu baxımdan yalnız Prezident Salome Zurabişvili daha aktiv və qətiyyətli görünür.
Etirazçılara qoşulan Zurabişvilinin polislərə yaxınlaşaraq, onlarla söhbətləşdiyi və onlardan “kimi müdafiə etdiklərini” soruşduğu bildirilir.
Bu arada Gürcüstan Xarici İşlər Nazirliyinin və xaricdəki diplomatik korpusların 78 əməkdaşı hökumətin ölkənin Avropa İttifaqına üzvlüyünün dondurulması ilə bağlı qərarına qarşı bəyanat yayıb.Orada bildirilir ki, hökumət tərəfindən Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarından çıxarılması ölkənin strateji maraqlarına uyğun gəlmir: “Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin ləngiməsi ölkənin təcrid olunmasına gətirib çıxaracaq.
Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan baş verən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə baş-başa qalır”.