Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi Rauf Şahbazov və Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev ilə görüşüb.
TƏBİB-in mətbuat xidmətindən bildiriblər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan azərbaycanlı həkim-mütəxəssislərlə keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov iştirak ediblər.
Gələcəkdə azərbaycanlı həkimlər üçün Amerika və Almaniya səhiyyə təcrübəsinin öyrənilməsi, cərrahiyyədə yeniliklər, robotik cərrahiyyənin imkanları, radioloji, neyroradioloji, o cümlədən transplantologiya sahələri üzrə müasir yanaşmaların ölkəmizdə tətbiq edilməsi istiqaməti üzrə müzakirələrin aparılması məqsədilə keçirilən görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov son dövrlər Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi sahəsində görülən işlər barədə məlumat verib: “Siz xaricdə bizi layiqincə təmsil etdiyiniz kimi, biz də burada çalışırıq ki, ölkə daxilində tibb işçilərimizə doğru istiqamət verək.
Əlbəttə, sizin əldə etdiyiniz uğurlar ölkəmiz, səhiyyəmiz üçün böyük şərəfdir.
Çalışdığınız hər iki tibbi sahənin Azərbaycanda da inkişaf etdirilməsi istiqamətində son illər bir sıra irəliləyişlərə nail olunub, yeniliklərimiz var.
Amma çox istərdik ki, qazandığınız təcrübələri bizimlə də bölüşəsiniz”.
Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi, Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantologiya cərrahiyyəsi şöbəsinin rəhbəri, transplantoloq Rauf Şahbazov bildirib ki, son illər Azərbaycan səhiyyəsində baş verən yeniliklər xaricdə yaşayan və orada çalışan hər bir həkimi sevindirir: “Etiraf etmək lazımdır ki, son illər həqiqətən də Azərbaycan səhiyyəsində müsbətə doğru kifayət qədər dəyişikliklər baş verib və bütün bunlar xaricdə yaşayan azərbaycanlı həkimlərin də diqqətini cəlb edir.