Icma.az bildirir, Moderator.az portalına istinadən.
Güney azərbaycanlı iqtisadçı Məhəmməd Malcu İranda bir il həbs cəzasına məhkum edilib
Tehranda yaşayan iqtisadçı və tədqiqatçı Məhəmməd Malcu bir il müddətinə azadlıqdan məhrum edilib.
Moderator.az xəbər verir ki, bu barədə İranın insan hüquqları üzrə fəaliyyət göstərən "HRANA" agentliyi, "IranWire", "Radio Farda", "Radio Zamaneh" və "Azad İran" nəşrləri məlumat yayıb.
Məhəmməd Malcu noyabrın 22-də şəxsi teleqgram-kanalında dərc etdiyi açıqlamada bir il müddətinə həbs cəzasına məhkum edildiyini bildirib.
Tədqiqatçının sözlərinə görə, onun işi üzrə məhkəmə iclasları 2026-cı ilin iyul ayının əvvəllərində və oktyabrın ortalarında keçirilib. Malcu hər iki iclasda çıxış etmək və özünü müdafiə etmək imkanından məhrum edildiyini iddia edib.
O bildirib ki, hökmün çıxarılmasına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının əməkdaşları tərəfindən hazırlanmış hesabat əsas olub.
Malcunun açıqlamasına görə, həmin hesabatda onun şəxsi və peşəkar fəaliyyəti ilə bağlı müxtəlif iddialar yer alıb. Bunların arasında şəxsi telegram-kanalında guya hökuməti devirməyə yönəlmiş məzmunun yayılması və Niderlandda fəaliyyət göstərən Beynəlxalq Sosial Tarix İnstitutu ilə əməkdaşlıq da var.
Tədqiqatçı bu iddiaları rədd edib. O, xüsusilə qeyd edib ki, təhlükəsizlik qurumunun hesabatında Beynəlxalq Sosial Tarix İnstitutu yanlış olaraq «Niderland Kral Tarix İnstitutu» kimi təqdim edilib.
Malcu həmçinin ona qarşı irəli sürülən digər iddiaların da həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən üç dəfə qanuni əsas olmadan dindirilməyə çağırılıb. Tədqiqatçı bu çağırışlara cavab verməkdən imtina etdiyini və yalnız qanuni qaydada fəaliyyət göstərən məhkəmə orqanları qarşısında ifadə verməyə hazır olduğunu açıqlayıb.
"HRANA"-nın məlumatına görə, 2025-ci ilin noyabrında təhlükəsizlik əməkdaşları Malcunun Tehrandakı evində təxminən üç saat davam edən axtarış aparıb, daha sonra o, SEPAH-ın Kəşfiyyat Təşkilatında üç dəfə dindirilib.
Qeyd edək ki, Məhəmməd Malcu 1946-cı ildə Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra Güney Azərbaycanda baş verən hadisələrə və azərbaycanlıların repressiyalara məruz qalmasına həsr olunmuş "Çörək ardınca köç" kitabının müəllifi kimi də tanınır.
Xatırladaq ki, Malcuya qarşı irəli sürülən ittihamları qəbul etmədiyi barədə məlumatlar onun öz açıqlamasına əsaslanır. Hökmü çıxaran məhkəmə instansiyası və qərarda göstərilən dəqiq hüquqi ittihamın detalları isə hələlik açıqlanmayıb.
S.Laçın