Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Azərbaycanda elm və təhsil sahəsində son illər müxtəlif islahatlar həyata keçirilsə də, bu dəyişikliklərin real nəticələri cəmiyyətdə müzakirə mövzusu olaraq qalır. Xüsusilə məktəblərdə tədrisin keyfiyyəti, ali təhsil müəssisələrinin fəaliyyəti və elmi tədqiqatların inkişafı ilə bağlı problemlər diqqət çəkir. Bir sıra hallarda qəbul edilən qərarlarla onların praktik icrası arasında ciddi fərqlərin olduğu bildirilir.
Azərbaycanda elm və təhsil sahəsində əsas problem düzgün islahat modelinin seçilməməsidir, yoxsa mövcud qərarların icrasında yol verilən nöqsanlar? Bu sahədə real nəticələr əldə etmək üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı “AzPolitika”ya təhsil eksperti Şəmsi Qoca bildirib ki, Azərbaycanda elm və təhsil sahəsində əsas problem yalnız islahatların icrasında yol verilən nöqsanlar deyil, həm də islahatların mahiyyətinin və istiqamətinin düzgün müəyyənləşdirilməməsidir. Çünki düzgün seçilməyən model nə qədər yaxşı icra olunmağa çalışılsa da, gözlənilən nəticəni verməyəcək. Digər tərəfdən, düzgün qərarların qəbul edilməsi də özlüyündə uğur demək deyil.
Onun sözlərinə görə, həmin qərarların icrasına nəzarət edilməzsə, məsuliyyət təmin olunmazsa və obyektiv qiymətləndirmə aparılmazsa, islahatlar kağız üzərində qalacaq: “Məktəblərdə vəziyyətə nəzər salaq. Təhsilin keyfiyyətini yalnız şagirdlərin imtahan nəticələri, keçirilən monitorinqlər və müəllimlərin sertifikasiyası ilə ölçmək olmaz. Əsas məsələ şagirdin nə dərəcədə müstəqil düşünməsi, öyrəndiklərini həyatda tətbiq etməsi, təhlil aparması və yaradıcı yanaşma bacarığı qazanmasıdır. Təəssüf ki, bir çox hallarda təhsilin məqsədi bilik qazandırmaqdan daha çox imtahan nəticəsi əldə etməyə yönəlir. Müəllimdən hesabat, məktəbdən statistika, şagirddən isə yüksək nəticə tələb olunur. Amma təhsilin real keyfiyyətini müəyyən edən əsas amil – öyrənmə mühiti və tədrisin məzmunu bəzən arxa plana keçir”.
Ekspert müəllimə münasibətin də dəyişməli olduğunu qeyd edib: “Müəllimin nüfuzu yalnız sertifikasiya nəticəsi və əməkhaqqı ilə müəyyənləşmir. Onun peşəkar inkişafına şərait yaradılmalı, məktəbdə yaradıcılıq və sərbəst qərarvermə imkanları genişləndirilməlidir. Müəllimi daim yoxlamaqla deyil, ona etimad göstərməklə, peşəkarlığını artırmaqla və əməyini obyektiv qiymətləndirməklə təhsilin keyfiyyətini yüksəltmək mümkündür.
Ali təhsildə də diplom verən müəssisə ilə mütəxəssis hazırlayan universitet arasında fərq aradan qaldırılmalıdır. Universiteti bitirən gəncin əmək bazarında özünə yer tapa bilməməsi ciddi problemdir. Ali məktəblərin fəaliyyəti tələbələrin sayı və verilən diplomlarla deyil, hazırlanan mütəxəssislərin bilik və bacarıqları, elmi potensialı və cəmiyyətə verdiyi töhfə ilə qiymətləndirilməlidir. Universitetlərə daha çox akademik müstəqillik verilməli, onların fəaliyyəti isə şəffaf və obyektiv meyarlarla qiymətləndirilməlidir”.
Ş.Qoca əlavə edib ki, elm sahəsində vəziyyət daha ciddi yanaşma tələb edir. Elmi tədqiqat yalnız dissertasiya yazmaq, elmi dərəcə almaq və məqalə dərc etdirməklə məhdudlaşmamalıdır: “Elm iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, səhiyyənin və texnologiyaların inkişafına xidmət etməlidir. Tədqiqatlara ayrılan vəsait real nəticələrə, elmi yeniliklərə və tətbiq imkanlarına əsasən bölüşdürülməlidir. Gənc alimlərin ölkədə qalması və elmi fəaliyyətlə məşğul olması üçün normal maddi və peşəkar şərait yaradılmalıdır.
Mənim fikrimcə, ilk növbədə üç istiqamətdə köklü dəyişiklik lazımdır: təhsildə formal göstəricilərdən real bilik və bacarıqların qiymətləndirilməsinə keçilməli, ali məktəblərin və elmi müəssisələrin müstəqilliyi artırılmalı, qəbul edilən qərarların icrasına görə konkret vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir. Hər yeni rəhbərin gəlişi ilə əvvəlki yanaşmaların dəyişdirilməsi, yeni proqramların və layihələrin elan olunması əvəzinə, uzunmüddətli və ardıcıl dövlət strategiyası həyata keçirilməlidir.
Ən vacibi isə təhsil islahatının uğurunu keçirilən tədbirlərin, yazılan hesabatların və qəbul edilən qərarların sayı ilə deyil, məktəbi bitirən şagirdin biliyi, universiteti bitirən gəncin peşəkarlığı və ölkədə yaradılan elmi yeniliklərin sayı ilə ölçmək lazımdır.
Azərbaycanın elm və təhsil sisteminə növbəti islahat kampaniyası deyil, nəticəyə hesablanmış, ardıcıl, məsuliyyətə və keyfiyyətə əsaslanan yeni idarəetmə fəlsəfəsi lazımdır.əhsildə dəyişiklik sənədlərdə deyil, sinif otağında, auditoriyada, laboratoriyada və nəhayət, cəmiyyətin düşüncə tərzində görünməlidir”.
Oğuz Ayvaz
"AzPolitika.info”